Turizm sahəsində əməkdaşlıq perspektivləri və əlaqələrin inkişafı məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Gürcüstanın Turizm Assosiasiyasının sədri Nata Kvaçantiradze arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
ATAA sədrinin Gürcüstana səfəri çərçivəsində keçirilən görüşdə əsas diqqət iki ölkənin turizm təşkilatları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və birgə iş biliyinin yaradılmasına yönəldilib.
Gürcüstanın bir sıra turizm şirkətlərinin də qatıldığı görüşdə Göydəniz Qəhrəmanov Assosiasiyanın fəaliyyəti, ölkə turizminin bərpasında və inkişafındakı rolu, quruma üzv olan şirkətlərlə əməkdaşlıq imkanları, onların fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Göydəniz Qəhrəmanov Gürcüstan bazarının Azərbaycan turizmi üçün böyük əhəmiyyət daşıdığını, bu regiondan pandemiyadan əvvəl 2019-cu ilin statistikasına əsasən 850 minə yaxın turistin səfər etdiyini və uzun illər Gürcüstanın ilk 5-likdə yer aldığını diqqətə çatdırıb. ATAA sədri qarşılıqlı turist səfərlərinin sayının artırılması üçün hər iki ölkənin böyük potensialı olduğunu və bu baxımdan təşkilatlar arasında əlaqələrin genişləndirməyin vacibliyini vurğulayıb.
Gürcüstanın Turizm Assosiasiyasının sədri Nata Kvaçantiradze öz növbəsində rəhbəri olduğu təşkilatın,eləcə də ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin Azərbaycanın turizm bazarına böyük maraq göstərdiklərini və birgə əməkdaşlığın genişləndirilməsinin iki ölkənin turizm sənayesinin inkişafına töhvə verəcəyini bildirib.
Müzakirələr zamanı təşkilatlara üzv olan şirkətlərlə kommunikasiya əlaqələrinin artırırlması, B2B formatlə görüşlərin keçirilməsi, kombo turların formalaşdırılması,tanışlıq məqsədli infoturların təşkili, eləcə də aviauçuşların sayının artırılıması və dəmir yolu turizminin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.