Azərbaycan nümayəndə heyəti BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 25-ci sessiyasında iştirak edir.
DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Assambleya çərçivəsində keçirilən “Qlobal İnvestisiya Forumu” və “Qlobal Təhsil Forumu”nda təmsil olunub.
Forumlarda dünya turizm sənayesinin aparıcı şirkət və təşkilatlarının nümayəndələrinin iştirakı ilə turizmdə mövcud trendlər, eləcə də ölkələr üçün investisiya imkanları, həmçinin turizm təhsili sahəsində mövcud olan innovativ məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
BMÜTT-nin Avropa Komissiyasının Bolqarıstanın Sofiya şəhərində keçirilmiş 68-ci iclasında Azərbaycanın təşkilatın İcraiyyə Şurasına üzv seçilməsi nəzərə alınaraq, 25-ci Baş Assambleya çərçivəsində ölkəmizə üzvlük səlahiyyətləri verilməsi barədə qərar qüvvəyə minəcək.
Səfər çərçivəsində Fuad Nağıyevlə Braziliyanın turizm naziri Celso Sabino de Oliveira arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Braziliya arasında turizm üzrə əməkdaşlıq üçün media və turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə qarşılıqlı tanıtım və təbliğat tədbirləri, eləcə də tanışlıq səfərlərinin təşkili məsələləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti oktyabr ayının 17-də keçirilən İcraiyyə Şurasının 119-cu sessiyasında müşahidəçi qismində iştirak edib. Nümayəndə heyətinin, həmçinin cari ilin 20 oktyabrında Səmərqənddə keçiriləcək BMÜTT-nin İcraiyyə Şurasının 120-ci sessiyasında da iştirakı nəzərdə tutulur.