Turizm sahəsində əməkdaşlıq əlaqələrinin formalaşdırılması və iş birliyinin yaradılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Kolumbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayala arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, görüş çərçivəsində səfir ATAA -nın fəaliyyəti, ölkə turizminin bərpasında və inkişafındakı rolu, quruma üzv olan şirkətlərlə əməkdaşlıq imkanları haqqında ətraflı məlumatlandırılıb.
Kolumbiya Respublikasının səfiri öz növbəsində ölkəsinin turizm istiqamətləri və məhsulları, turizm zonaları,eləcə də hava yolu ilə səfər etmə imkanları haqqında ATAA sədrinə məlumat verib.
Müzakirələr zamanı iki ölkənin turizm assosiasiyaları və üzvləri ilə kommunikasiya əlaqələrinin inkişafı, kombo turların yaradılması, tanışlıq məqsədli infoturların təşkili, qarşılıqlı turistik səfərlərin sayının artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.