TURİZMÇİLƏRİN RƏYİ: Aviaşirkətin taksitlə bilet satması sektora necə təsir göstərəcək?

Дизайн без названия 1

Xəbər verdiyimiz kimi, «Azərbaycan Hava Yolları» QSC və ABB arasında yeni əməkdaşlığa əsasən, artıq müştərilər aviabiletləri onlayn qaydada 3 aylıq komissiyasız taksitlə ala biləcəklər. Bu xəbər turizm şirkətlərinin rəhbərəri arasında birmənalı qarşılanmayıb.

Turizmplus.az şirkət rəhbərlərinin məsələyə yanaşmasını obyektiv qaydada oxucularına təqdim edir.

«Carlton Travel» şirkətinin rəhbəri Vüqar Yusibov:

«Düşünərm ki, bu hava yollarının şəxsi qərarıdır və buna müdaxilə etmək olmaz. Bizim şirkətimizin əsas iş strategiyası isə korporativ müştərilər üzərində qurulduğu üçün, hesablaşmalar da buna uyğun aparılır. Yəni, onların ehtiyacı yoxdur ki, hansısa aviabileti kredit yolu ilə əldə etsinlər.

Bu səbəbdən də müzakirə mövzusu olan məsələnin təsirləri elə də böyük olmayacaq».

«Victory Tours and M.I.C.E» şirkətinin rəhbəri Vüsal Hacıyev:

«Fikrimcə, AZAL-ın marketinq strategiyası olaraq, eyni zamanda sərnişinlər üçün bu yaxşı təklifdir. Bu ödənişləri hissə-hissə ödəmək insanlar üçün daha rahat olacaq.

Ancaq bu təklif AZAL-ın turizm şirkətləri olan partnyorları arasında bəzi suallar doğurur. Məsələn, yaşlı nəslin nümayəndələri veb-saytdan aviabilet ala bilməsə də ödənişi taksitlə ödəmək istəyir. Bu halda necə olacaq? Yaxşı olardı ki, insanlar yalnız AZAL-ın rəsmi saytından deyil, həmçinin partnyor şirkətlərdən də taksitli aviabiletləri əldə edə bilsinlər».

«AZE Turizm» şirkətinin rəhbəri Anna Məmmədova:

«Kreditlə aviabiletlərin satılması turizm şirkətlərinin bağlanmasına gətirib-çıxara bilər. Xərclərimizin çox olmasına baxmayaraq biz şirkətlər olaraq onsuz da insanlara ödəniş üçün müəyyən zaman veririk və aylarla gözləyirik. Amma aviaşirkətin taksit kartıyla aviabilet satması turizm şirkətləri üçün mənfi hallar yaşadacaq. Bu həm də AZAL qarşısında satışlarımızın mənfi dinamika ilə irəliləməsinə səbəb olacaq.

Eyni zamanda, bu qərar işsizliyin artmasıyla da nəticələnə bilər».

«Turizm.Az» şirkətinin rəhbəri Nəsimi Kərəmov:

AZAL-ın fərdi müştərilər üçün belə imkan yaratması strategiya olaraq təqdirəlayiqdir. Ancaq turizm şirkətləri aviabilet satışlarını taksitlə həyata keçirə bilmirlər. Belə ki, bankların şirkətlərdən taksit ödənişlərinə görə tələb etdiyi komissiya mənfəətdən yuxarı olur. Banklar və ya AZAL şirkətlər üçün də 3 aylıq taksitlə ödəniş sistemi imkanı yaratsaydı, eyni zamanda banklarda taksit faizi şirkətlər üçün O-a endirilsəydi biz də müştərilər üçün belə bir şans yaradardıq. Təklif edərdim ki, bu halda heç olmasa onlayn qiymətlərdə fərq yaratsınlar.

«Yes Travel» şirkətinin rəhbəri Üzeyir Bağırlı:

«Vətəndaşlar üçün də milli aviaşirkətin satışlarının çoxalması üçün də yerində verilmiş qərardır. Çox yaxşı olardı ki, AZAL və ABB bu kimi kampaniyanı partnyor şirkətləri və ya Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olan şirkətlər üçün də tətbiq etsin.

Beləcə, vətəndaşlar turizm şirkətlərinə müraciət edərək də taksitli aviabiletlər almaq imkanı əldə edəcəklər».

«Access Travel» şirkətinin rəhbəri Anar Həsənov:

«Təəssüf ki, yeni qərar məni məyus etdi. Bilirsiniz ki, pandemiyadan sonrakı dövrdə bir çox turizm şirkətləri maliyyə problemləri baxımından əziyyət çəkir. Milli aviaşirkətimiz isə bütün istiqamətlərə satışlar zamanı ən çox üstünlük verdiyimiz hava yollarıdır. Düşünürəm ki, bu qərardan sonra müştərilərin taksitlə aviabilet alması turizm şirkətlərinin bu məsələdə rolunu kifayət qədər azaldacaq və satışları aşağı salacaq.

Bu hal kiçik və orta sahibkarlar üçün sonda yaxşı nəticələr verməyəcək».

RƏHİM QƏDİROV

Menecerlər