“Report” İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 19-cu qrupunun təlim proqramı yekunlaşıb.
“Report” xəbər verir ki, agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və sorğulara qoşulan 9 jurnalistə sertifikat təqdim edilib.
“Report” İnformasiya Agentliyinin Direktoru Fuad Hüseynəliyev tələbələrin yazı qabiliyyətinin yüksək səviyyədə olduğunu bildirib:
“Report Media Məktəbi-19 qrupunun üzvləri gözəl yazı yazmaq, fikir ifadə etmək bacarığını göstərə biliblər. Sizin bu peşəyə kifayət qədər töhfə verə biləcəyinizi düşünürəm. Ənənəvi olaraq hər bir məzunu diqqətdə saxlayırıq, imkan olduqca agentlikdə işə cəlb edirik. Bu qrupda üç məzun fərqlənmə sertifikatına layiq görülüb”.
Report Media Məktəbinin rəhbəri, təlimçi İsmayıl Rafiqoğlu qrupda reallaşan proseslərdən danışıb:
“Bu qrupu şərti olaraq “ölüm qrupu” adlandırmaq olar. Kimisə seçmək, fərqləndirmək olduqca çətin olub. Bir-biri ilə müsbət mənada sərt rəqabət aparmaqla tələbələr mümkün qədər yüksək nəticə əldə ediblər. Əvvəldə çətinlik çəkənlər belə təlimin sonuna uğurlu işlərlə seçilə biliblər”.
İ.Rafiqoğlu təlim prosesində çox sayda görüşün baş tutduğunu da deyib:
“Report”un bir sıra aparıcı jurnalistlərinin tələbələrlə görüşləri baş tutub. Sabiq baş redaktor Murad Əliyev, baş redaktorun müavini Emil Quliyev, baş redaktorun müavini Cavid Osmanov, idman şöbəsinin redaktoru Kənan Həsənov, daxili siyasət şöbəsinin redaktoru Elgün Mənsimov, iqtisadiyyat şöbəsinin redaktoru Aqşin Rafiqoğlu daxil olmaqla maraqlı təlimlər keçirilib.
Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının jurnalistika ixtisası üzrə müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Hüseynova, PR və marketinq mütəxəssisi, təlimçi Vüsal Bəkirov, Akademik Milli Dram Teatrının mətbuat katibi, yazıçı-dramaturq Cavid Zeynallı, “MTeatr”ın yaradıcısı, Xalq artisti, YUĞ Teatrının aktyoru Vidadi Həsənov, “Baku TV”nin İnformasiya proqramları və Qərbi Azərbaycan departamentinin rəhbəri, jurnalist Turan İbrahimov kimi tanınmış simalarla görüşlər reallaşıb”.
Report Media Məktəbinin rəhbəri tələbələrin qoşulduğu tədbirlərdən də danışıb:
“Qrupun üzvləri ilə Türkiyənin Azərbaycandakı səfirliyində qonaq olduq. Səfir Birol Akgün və səfirliyin media müşaviri Alptekin Cihangir İşbilir ilə görüşdük. Bundan əlavə, hərbi jurnalist, “Report” İnformasiya Agentliyinin, “Baku TV”nin Şərqi Avropa üzrə xüsusi müxbiri Mübariz Aslanovla Mətbuat Şurasında görüşmüşük. Təlim boyu Akademik Milli Dram Teatrında “Şükriyyə”, “MTeatr”da “Bir gecənin nağılı” tamaşalarını, kinoteatrda “Global Media Group”un və “Report” İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi “Xocalı. Son toy…” bədii-sənədli filmini izləmişik. Tələbələrin yazıları əsasında “Report”da “Xocalı. Son toy…" – Report Media Məktəbinin tələbələri film barədə yazır” adlı material dərc olunub”.
Qeyd edək ki, Report Media Məktəbi 2018-ci il iyunun 13-dən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.
Foto: Samirə Həsənova