• 17 °C
|

Qırğızıstan AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün öz diplomatik platformasını təklif edib

20 May 2025
img

Bişkek Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün Qırğızıstanın diplomatik platformasından istifadə etməyi təklif edib.

“Report” xəbər verir ki, bu təkliflə Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov Bakıda keçirilən AQEM Biznes Şurasının 8-ci plenar sessiyasında çıxış edib.

"İlk növbədə, katibliyə və sədrlik edən tərəfə, yəni Azərbaycana bizim diplomatik platformamızdan, xüsusilə də Qırğızıstanın Bakıdakı səfirliyinin resurslarından istifadə etmək təklifi ilə müraciət etmək istərdim. Ölkəmizin müvafiq qurumları ilə qarşılıqlı əlaqəyə ehtiyac olduğu təqdirdə hərtərəfli dəstək göstərməyə hazırıq", – diplomat qeyd edib.

M.Mamıtkanovun sözlərinə görə, bu təşəbbüsün əsas məqsədi qabaqcıl təcrübə və təşəbbüslərin iştirakçı ölkələrə, xüsusilə də kiçik və orta biznes nümayəndələrinə səmərəli şəkildə ötürülməsinə kömək etməkdir.

"Xüsusilə qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin vacibliyini vurğulamaq istəyirəm. Ümid edirəm ki, bugünkü müzakirələrdə Qırğızıstanın qadın sahibkarlarının birgə işə fəal şəkildə qoşula bilməsi üçün bu aspektə xüsusi diqqət yetiriləcək", – səfir vurğulayıb.

O əlavə edib ki, bu cür səylər plenar sessiyanın əsas vəzifəsinin – etimadın gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və region ölkələrinin dayanıqlı inkişafının təmin edilməsinə xidmət edir.

"AQEM-in fəaliyyəti bütün region üçün böyük əhəmiyyət kəsb edir. Qırğızıstan əməkdaşlığa açıqdır və bu çoxtərəfli platforma çərçivəsində hərtərəfli dəstək göstərməyə hazırdır", – M.Mamıtkanov bildirib.