• 26 °C
|

Türk dövlətləri arasında yaxınlaşma başqa bir dövlətin əleyhinə deyil – RƏY

22 May 2025
img

Türk dövlətləri arasında mədəni, iqtisadi, siyasi yaxınlaşma başqa bir dövlətin əleyhinə deyil.

Bunu “Report”a açıqlamasında türkiyəli tarixçi, professor İbrahim Tellioğlu deyib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) türk icmaları arasında yüksək səviyyəli əməkdaşlıq qurumudur:

“Bu vaxta qədər türk icmaları arasında mədəni, iqtisadi və siyasi sahədə əməkdaşlığı hədəfləyən səylər olub. Bir çox mütəfəkkirimiz, yazıçımız, ziyalımız bu mövzular üzərində düşünüb, əməkdaşlığın yollarını axtarıb. İsmayıl Qaspıralının "dildə, fikirdə, işdə birlik" şüarı ilə ifadə edilə biləcək bu səylər TDT-nin təsis edilməsi ilə həyata keçirilib. Bu baxımdan təşkilat bizim üçün olduqca önəmlidir”.

Professorun sözlərinə görə, türk dövlətlərinin öz aralarındakı əməkdaşlığı inkişaf etdirməsi bu coğrafiyada yaşayan insanlar arasında hüzurun, iqtisadi rifahın, sülhün təmin edilməsi baxımından böyük əhəmiyyətə kəsb edir:

“Türk dövlətləri problemləri başqa bir gücün vasitəçiliyinə ehtiyac duymadan öz aralarında həll etməyə başladıqları gündən münasibətlərini daha sağlam şəkildə inkişaf etdirirlər. Bu gün yaşadığımız bəzi hadisələr, xüsusilə son illərdəki sərhəd mübahisələrini aradan qaldıran müqavilələr, həmçinin ölkələrimiz arasındakı siyasi, hərbi, mədəni sazişlər bu baxımdan olduqca vacibdir. TDT-nin qurulması bu işlərə böyük sürət qazandırıb”.

Tarixçi hesab edir ki, TDT-nin liderliyi ilə irəli sürülən ortaq əlifba məsələsi türk dünyasının bir-birini daha yaxından tanıması baxımından zəruri addımdır:

“Bu gün türk dünyasının hər yerində tarix, mədəniyyət, incəsənət, iqtisadiyyat və siyasətlə bağlı bir çox tədqiqat aparılır. Ortaq əlifba sayəsində bu tədqiqatlar türk dünyasının istənilən nöqtəsində oxunub dərk ediləcək. Türk dövlətlərində yaşayanlar bir-birlərinin dəyərlərini daha yaxından tanıdıqları zaman nə qədər güclü bir ortaq keçmişə, kökə sahib olduqlarını anlaya biləcəklər. Tarixin müxtəlif dövrlərində Çin sərhədindən Avropaya qədər insanlar türk dili hesabına Avrasiyanın böyük bir hissəsini qət ediblər.

Özbəkistanda yazılan bir əsəri Anadoludakı insanın oxuya bildiyi zamanları biz həsrətlə xatırlayırıq. Bu həsrəti sonlandırmaq üçün ortaq əlifba vacibdir. Türk tarixini bir bütün olaraq görə bilmək üçün bir-birimizi daha yaxından tanımağa ehtiyacımız var. TDT bu baxımdan böyük bir missiya üstlənib”.

İ.Tellioğlu TDT dövlət başçılarının ölkələrinin və bütöv türk dünyasının problemləriylə əlaqədar fikir mübadiləsi aparmalarının önəmli olduğunu vurğulayıb:

“10 il əvvəl bu, bir xəyal kimi görünürdü. Ona görə də təşkilatın qiymətini bilmək, açdığı və açacağı yeni yolları görmək lazımdır. Ancaq digərləri də bilməlidir ki, türk dövlətlərinin bir-biriylə əlaqələrini inkişaf etdirməsi üçüncü bir ölkəyə qarşı olan addım deyil. Biz sadəcə yüzillərdir müxtəlif səbəblərə görə zəifləyən əlaqələri bərpa etməyə, yenidən qaynayıb-qarışmağa çalışırıq. Bu baxımdan da özümüzə olan inamımız tamdır. Biz yaşadığımız bölgədə hər kəsin sülh içində varlığını davam etdirməsini fikrini dəstəkləyirik”.