Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-nin İrana mümkün zərbəsi ilə əlaqədar Nazirlər Kabinetini yüksək hazırlıq vəziyyətinə gətirib.
"Report"un xəbərinə görə, bu barədə “Financial Times” Britaniya hökumətinin fövqəladə “Cobra” komitəsinin İran və İsrail arasında münaqişəni müzakirə etmək üçün keçirilən iclasının yekunları üzrə adı açıqlanmayan ölkə rəsmilərinə istinadən yazıb.
Onlar vəziyyəti "çətin və qeyri-sabit" adlandırıblar. Nəşrin mənbələrinin məlumatına görə, görüşdə müzakirə olunan əsas məsələ ABŞ Prezidenti Donald Trampın münaqişəyə İsrail tərəfində girmək qərarına gələcəyi təqdirdə, Hind okeanının mərkəzindəki Çaqos arxipelaqında yerləşən Dieqo Qarsiyadakı Britaniya-Amerika hərbi bazasından istifadə etmək niyyətində olub-olmaması olub.
Nəşrin mənbələri bildirib ki, fövqəladə iclasın iştirakçıları – aparıcı nazirlər, hərbi və kəşfiyyat rəsmiləri, Böyük Britaniyanın ABŞ-dəki səfiri Piter Mandelson Vaşinqtonun belə bir istək nümayiş etdirib-göstərməyəcəyi ilə bağlı dəqiq cavab verə bilməyiblər.
Məqalədə qeyd olunur ki, London indiyədək İran və İsrail arasındakı münaqişədən kənarda qalmağı bacarıb. Nəşr yazır ki, Böyük Britaniya Tehrandakı səfirliyinin bağlanmasına səbəb ola biləcək hər hansı bir iş görmək niyyətində deyil. "Financial Times" qeyd edib ki, Britaniya hökumətinin sözçüsü “hipotetik əməliyyatın” təfərrüatlarının şərhindən imtina edib.