• 22 °C
|

Ramin Məmmədov: XXI əsrdə dövlət-din münasibətlərinin xarakteri sürətlə dəyişir

19 İyun 2025
img

XXI əsrdə dövlət-din münasibətlərinin xarakterinin sürətlə dəyişdiyi qeyd olunub.

Bunu "Report"un Şimal bürosuna açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, süni intellekt anlayışının leksikona və gündəlik həyata gətirdiyi yeniliklər bütün məsələlərə, o cümlədən tarixi ənənələrə, milli-mənəvi dəyərlərə fərqli kontekstdən nəzər yetirməyə sövq edir:

“Biz müasir dünyanın bir hissəsi olduğumuzu qəbul etməklə, eyni zamanda minilliklər boyu formalaşmış milli kimliyimizi qorumağa çalışırıq. Azərbaycan nadir ölkələrdəndir ki, qlobal proseslərlə ayaqlaşaraq, öz milli kimliyini qorumağın ən yaxşı modellərindən birini yaratmağa müvəffəq olub. Ümummilli Lider Heydər Əliyevin qurduğu bu model müstəqil Azərbaycanın inkişaf strategiyasının əsas sütunlarından birini təşkil edir. Müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğuna dair məşhur ifadə var. Tarix bizə elə bir fürsət verdi ki, indi bu əsərdən bütün azərbaycanlılar faydalanır”.

Komitə sədri multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyini vurğulayıb:

“Biz öz dini ənənələrimizi, milli adətlərimizi, dəyərlərimizi qorumaqla bərabər, həm də başqa mədəniyyətlərə hörmət hissini cəmiyyətin hər bir fərdinə aşılamağa çalışırıq. Ölkəmizdə dini və etnik mənsubiyyətlə vətəndaş kimliyi anlayışlarının müqayisəsi aparılmır. Biz dinin dövlətdən ayrı olduğunu qəti imperativ kimi qiymətləndiririk. Eyni zamanda, dinimizi, dilimizi, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi qorumaq üçün güclü dövlətə ehtiyac olduğunu birmənalı olaraq qəbul edirik”.

R.Məmmədov bu çərçivədə müəyyən neqativ hallara rast gəlindiyini də diqqətə çatdırıb:

“Təəssüflə bildirməliyik ki, bəzi hallarda müxtəlif peşə və ixtisas sahibləri, elm adamları, ictimai xadimlər, hətta müəyyən siyasi təsisatlar və vətəndaş cəmiyyəti institutları tərəfindən dövlət-din münasibətlərini iki fərqli qütbün münasibətləri kimi müzakirəyə çıxarmaq, yaxud təqdim etmək cəhdlərinə təsadüf edirik. Bu, son dərəcə yanlış yanaşmadır. Çünki cəmiyyətin əsaslarını təşkil edən iki vacib anlayış qarşı-qarşıya dayanan ayrı-ayrı qütblər kimi təqdim olunmamalıdır.

Azərbaycan multikultural həyat tərzi, tolerantlıq ənənələri ilə bütün dünyaya ünvanlanmış sülh və birgəyaşayış mesajı verir. Biz ümumbəşəri dəyərlərə o dərəcədə güclü bağlıyıq ki, hətta 30 il ərzində torpaqlarımızı işğalda saxlayaraq, dini abidələrimizi təhqir etmiş xalqın dini ibadət yerlərini toxunulmaz abidə kimi Bakının mərkəzində qoruyub saxlamışıq”.