Xəzər dənizi regionunda nüvə təhlükəsi var.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Peterburq Forumu çərçivəsində keçirilən OANA-nın XIX Baş Assambleyasında bildirib.
Onun sözlərinə görə, Rusiya İran və İsrail ətrafındakı vəziyyəti danışıqlar müstəvisinə qaytarmaq üçün hər şeyi edir.
"Biz çağırırıq və bunu danışıqlar müstəvisinə qaytarmaq üçün hər şeyi edirik, Bizim də mənsub olduğumuz bütün region üçün fiziki təhlükənin nə olduğunu başa düşürük. Orada Xəzər var. Xəzər təkcə İran deyil. Xəzər bir neçə dövlətdir, o cümlədən bizim ölkədir. Bizim üçün bu, birbaşa əhəmiyyət kəsb edir. İsrailin bir sıra digər dövlətlərlə həmsərhəd olan başqa bir su hövzəsinə çıxışı var. Fukusimanı xatırlayın. Bu, lokal hekayə idi. Yaponiyanın fəlakəti lokallaşdırmaq üçün imkanları var idi", – deyə Rusiya XİN sözçüsü qeyd edib.
Zaxarova əlavə edib ki, İsrailin İrana qarşı əməliyyat keçirməsi üçün heç bir səbəb olmayıb. O, vurğulayıb ki, dünya İsrailin zərbələri səbəbindən nüvə fəlakətindən santimetrlər uzaqdadır.
Rusiya XİN rəsmi həmçinin qeyd edib ki, İranın nüvə proqramı təcavüzkar hərəkətlərin deyil, danışıqların mövzusu olmalıdır.