Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 26 İyun –Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təntənəli tədbir keçirilib.
Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, ehtiyatda olan polkovnik, müharibə və Silahlı Qüvvələr veteranı Mirqiyas Rüstəmov iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyunun Silahlı Qüvvələr Günü elan edildiyini xatırladaraq, müasir və güclü ordunun məhz Ulu Öndərin dövlətçilik strategiyasının nəticəsi olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu müdrik siyasət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar və ordu quruculuğu sahəsində atılan addımlar nəticəsində ölkəmizdə regionun ən güclü, peşəkar və yüksək döyüş qabiliyyətinə malik Ordusu formalaşıb.
Tədbirin bədii hissəsində kursantlar tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Sonda Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş olunub.