Fransada “Telegram” messencerində işlədiyi iddia edilən “UberKills” adlı sifarişli öldürmə xidməti yaranıb.
“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Bu xidmət vasitəsilə artıq ən azı bir qətlin törədildiyi iddia edilir. Cari ilin aprel ayında Fransanın şərqindəki Vol-an-Velen şəhərində narkotik alverçisi Abdel Hakim B. başından güllələnib.
“UberKills”dən əlavə, ölkədə qida çatdırılması kimi maskalanan “UberShit” adlı narkotik kuryer xidməti də mövcuddur. Lyon polisi bu tendensiyanı cinayətin uberizasiyası adlandırıb.
Bundan əvvəl Fransada bəzi şəxslər küçə musiqisi festivalı zamanı 145 yeniyetməyə içərisində naməlum maddə olan şprislər vurublar. Nəticədə bir neçə zərərçəkən xəstəxanaya yerləşdirilib.