• 28 °C
|

London məhkəməsi F-35 komponentlərinin İsrailə tədarükünü əngəlləməkdən imtina edib

1 İyul 2025
img

İngiltərə və Uelsin Ali Məhkəməsi insan haqları müdafiəçilərinin Böyük Britaniyanın F-35 qırıcıları üçün komponentlərin İsrailə tədarükünü dayandırmaq istəyən iddiasını rədd edib.

“Report” xəbər verir ki, bu barədə hakimlər Stiven Mayls və Karen Steynin qərarında deyilir.

Qeyd olunub ki, hər hansı hərbi məhsulun ixracının məhdudlaşdırılması ilə bağlı qərarı məhkəmə deyil, Britaniya hökuməti qəbul etməlidir.

“Sky News”un məlumatına görə, Londondan alınan silahlar İsrail Müdafiə Qüvvələrinin istifadə etdiyi bütün hərbi texnikanın yalnız 0,02%-ni təşkil edir.

Eyni zamanda, Britaniya silah ixracının ümumi səbətində İsrailə tədarüklər cəmi 0,4% təşkil edir.

Buna baxmayaraq, Silah Ticarətinə Qarşı Kampaniya təşkilatı qeyd edib ki, krallığın müdafiə sənayesi İsrailin Qəzza sektorunu bombalamaq üçün istifadə etdiyi F-35-in komponentlərinin təxminən 15%-ni istehsal edir.

Qeyd edək ki, 2024-cü ilin sentyabrında Böyük Britaniya hökuməti bir sıra hərbi məhsulların İsrailə ixracına icazəni dayandırıb. Buraya əvvəllər verilmiş 350 silah ixracı lisenziyasından 30-u daxildir.

Məhdudiyyətlər, xüsusən pilotsuz təyyarələr və hərbi helikopterlər üçün komponentlərə, eləcə də yerüstü hədəflər üçün silah yönləndirmə sistemlərinə təsir edib. Bununla belə, İsrail F-35-ləri üçün ABŞ vasitəsilə tədarük edilən komponentlər üçün istisna edilib.