Azərbaycan-Türkiyə dəhlizi üzrə "yaşıl enerji" ixracının həcmi ildə 0,5 QVt-dan3 QVt-a qədər qiymətləndirilir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov “Economist Impact SE Europe Events” çərçivəsində keçirilən 29-cu illik hökumət müzakirəsində çıxışı zamanı bildirib.
"Yaxın vaxtlarda Azərbaycan-Türkiyə enerji dəhlizinin texniki-iqtisadi qiymətləndirilməsi başa çatıb. Onun gücü 0,5 QVt-dan 3 QVt-a qədər təşkil edə bilər. Bu, layihənin regionun digər ölkələrinə genişləndirilməsi üçün əla imkandır”, – O.Zeynalov bildirib.
Nazir müavini xatırladıb ki, Azərbaycan öz tərəfdaşları ilə birlikdə dörd regional enerji dəhlizinin yaradılması üzərində iş aparır:
"Birincisi – "Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizidir. Bu isə Xəzər və Qara dəniz regionlarını Avropa və Azərbaycanla birləşdirəcək. Layihənin iştirakçıları Gürcüstan, Rumıniya, Macarıstandır, layihəyə Bolqarıstan da qoşulur. Layihənin üç mərhələsi çərçivəsində 3,9 QVt enerjinin istehsalı və ötürülməsi gözlənilir. Layihə texniki cəhətdən tamamlanmağa yaxındır. Eyni zamanda, Qara dənizin dibi ilə sualtı enerji kabelinin çəkilməsi də planlaşdırılır”.
Bundan əlavə, o, Azərbaycanın günəş enerjisi sahəsində böyük potensiala malik olan Qazaxıstan və Özbəkistanla əməkdaşlıq çərçivəsində yaradılan "Mərkəzi Asiya-Azərbaycan" enerji dəhlizini vurğulayıb: “Perspektivdə bu dəhliz Xəzər-Qara dəniz dəhlizi ilə əlaqələndirilə bilər ki, bu da Mərkəzi Asiyanın böyük regionlarını iki dəniz vasitəsilə Avropa ilə birləşdirəcək”.
Nazir müavini bildirib ki, sonuncu ötən il Bakıda COP29-da Bolqarıstan tərəfindən təklif edilmiş Şərq-Qərb dəhlizidir. İştirakçılar Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstandır. Hazırda layihə üzrə texniki tapşırıqların hazırlanması başa çatır. Yaxın vaxtlarda isə texniki-iqtisadi əsaslandırmanın işlənməsinə başlamaq planlaşdırılır".
O.Zeynalov əlavə edib ki, dayanıqlı enerjiyə keçid məqsədləri bütün region üçün ümumidir: "Azərbaycan da daxil olmaqla region ölkələri böyük potensiala malikdir. Bu layihələrin uğurla həyata keçirilməsi üçün texniki tələbləri kommersiya və biznes modelləri ilə uyğunlaşdırmaq lazımdır".