• 31 °C
|

Atalığından şikayət edən azyaşlı sığınacağa yerləşdirilib

8 İyul 2025
img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 7 yaşlı bacısı və anası ilə bağlı müraciəti gündəmə gətirilən uşaqla bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, bu məsələ ilə məlumat əldə edilən kimi dərhal Dövlət Komitəsi tərəfindən uşaqların yaşadığı Şəki Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb: “Uşaq hazırda müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Ona psixo-sosial yardım göstərilir. Eyni zamanda ananın valideynlik hüquqları məsələsinə baxılması və baş verən cinayət işi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçilir”.

Bildirilib ki, digər uşağın da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət davam etdirilir. İstintaq tədbirlərinin yekunundan sonra, ictimaiyyətə aidiyyəti üzrə müvafiq məlumatlar veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə 12 yaşlı qızın 7 yaşlı bacısı və anası ilə bağlı müraciəti gündəmə gətirilib. 12 yaşlı qız müraciətində “7 yaşlı bacımı anamın əlindən alın, mənə atalığımın yaşatdığını anamla bacıma da yaşadacaq” sözlərini deyib.