“Qərbin Ukraynaya silah tədarükünün sürəti və həcmi tezliklə rekord səviyyəyə çata bilər”.
“Report” xəbər verir ki, bu fikri ABŞ senatoru Lindsi Qrem CBS telekanalına müsahibəsində bildirib.
Qrem ABŞ rəhbəri Donald Trampın keçmiş lider Co Baydenin administrasiyası tərəfindən prezidentə fövqəladə hallar zamanı Konqresin icazəsi olmadan xarici tərəfdaşa silah tədarük etməyə imkan verən PDA (Prezident Drowdown Authority – Qeyd) mexanizmi vasitəsilə ayrılmış 3,85 milyard dollardan çox vəsaitdən istifadə edə biləcəyi sualına müsbət cavab verib.
Senator Trampın bu hüququndan istifadə edəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, Qrem hesab edir ki, bu pul Ukraynaya kifayət etməyəcək:
“Gözləyirəm ki, yaxın günlərdə siz Ukraynaya özünü müdafiə etmək üçün rekord səviyyədə silah tədarükünü görəcəksiniz”.
Senator həmçinin əmindir ki, Tramp yaxın günlərdə Rusiya və tərəfdaşlarına qarşı yeni sanksiyalar və rüsumlar tətbiq edə biləcək.