Audit qurumları Dayanıqlı İnkişaf Məqsədləri üzrə vahid yanaşma formalaşdırmalıdır.
"APA-Economics” xəbər verir ki, ASOSAI çərçivəsində keçirilən iclasda Rusiya Federasiyasının Hesablama Palatasının auditoru Svetlana Orlova Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaqda ali audit qurumlarının rolunu vurğulayıb.
O bildirib ki, dövlət idarəçiliyinin effektivliyi və məsuliyyətliliyin artırılması ali audit qurumlarının əsas prioritetlərindən biridir: “BMT-nin çağırışına cavab olaraq biz hökumətlərin fəaliyyətində hesabatlılığı gücləndirməyə çalışırıq. Audit qurumları bu prosesdə aparıcı rol oynayır”.
S.Orlova qeyd edib ki, iqtisadi siyasətin nəticələrinin təhlili və resurslara ədalətli çıxışın təmin olunması məqsədilə ali audit qurumlarının təcrübə və yanaşmaları paylaşması vacibdir. Onun sözlərinə görə, Rusiya tərəfi DİM üzrə audit göstəricilərinin regional koordinasiyası üçün ixtisaslaşmış işçi qrupların yaradılmasına rəhbərlik edir.
O, həmçinin risk yönümlü audit modelinə keçidin vacibliyini və bu sahədə əldə edilən uğurlu təcrübəni qeyd edib.