• 15 °C
|

Siyarto Aİ görüşlərində Ukraynaya hərbi yardımın davam etdirilməsinə qarşı çıxacaq

20 Oktyabr 2025
img

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqı ölkələrinin nazirləri ilə keçiriləcək görüşlərdə Ukraynaya daha çox hərbi yardımın göstərilməsinə və Rusiyadan enerji daşıyıcılarının idxalına qadağa qoyulmasına qarşı çıxmağı planlaşdırır.

APA xəbər verir ki, nsazir bu barədə Facebook hesabında yazıb.

“Sabah asan olmayacaq. Lüksemburqda eyni vaxtda Aİ Xarici İşlər Şurası və Enerji Şurasının iclasları keçiriləcək. Xoşbəxtlikdən, zal bir-birinə yaxındır, çünki biz Macarıstanın maraqlarını hər iki yerdə qorumağa məcburuq. Xarici İşlər Şurasında onlar Ukraynalılara daha çox pul və silah verərək müharibə atmosferini gücləndirmək istəyirlər, Enerji Şurasında isə Rusiyadan qaz və neft alınmasına qadağa qoymaqla enerji təhlükəsizliyimizi təhlükə altına salmaq istəyirlər. Asan olmayacaq,” – nazir qeyd edib.

Lüksemburqda keçiriləcək iclaslarda Aİ ölkələrinin nazirləri Ukraynaya hərbi yardım məsələsini, Rusiyaya qarşı yeni sanksiyaları, həmçinin Avropa Komissiyasının 2028-ci ilə qədər Rusiya neftindən və qazından tam imtina planını müzakirə edəcəklər.