• 15 °C
|

Mərkəzi Bank “Sukuk”un tətbiqi üçün hüquqi baza üzərində işləyir

20 Oktyabr 2025
img

Azərbaycan Mərkəzi Bankı (AMB) İslam Əməkdaşlıq Təşkilatının Kapital Bazarları Forumunda rəhbərliyi davam etdirir və bu platforma vasitəsilə “Sukuk” – yəni İslam istiqrazlarının tətbiqi üçün hüquqi və tənzimləyici bazanı formalaşdırması üzərində işləyir.

"APA-Economics” xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Qeyd edilib ki, növbəlilik prinsipinə əsasən, AMB 2024-cü ildə qəbul etdiyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Kapital Bazarı Tənzimləyiciləri Forumunun Kapital Bazarının İnkişafı üzrə işçi qrupuna sədrliyini 2025-ci ildə də davam etdirir.

Sədrlik çərçivəsində AMB üzv dövlətlərlə birgə kapital bazarının inkişafına dair analitik təhlillər aparır və müvafiq siyasət tövsiyələri hazırlayır. 2024-cü ildə işçi qrupun təşəbbüsü ilə “Sukuk bazarının inkişafı və yaşıl sukuk təşəbbüsləri” mövzusunda hesabat hazırlanıb. Bu təşəbbüslərin davamı olaraq, 2025-ci il üçün fəaliyyət mövzusu “Azərbaycanda Sukukun tətbiqi üçün hüquqi və tənzimləyici şərtlər: xarici təcrübə, tənzimləyici boşluqlar və islahatlara ehtiyac” kimi müəyyən edilib.

Aparılmış araşdırmanın nəticələri 14-cü İllik COMCEC Kapital Bazarı Tənzimləyiciləri Forumunda təqdim olunub və AMB-nin Kapital bazarları fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin nümayəndəsi tərəfindən təqdimat keçirilib.

Qeyd edək ki, bu fəaliyyət Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı strategiyası”nda müəyyənləşdirilən kapital bazarları istiqamətində təşəbbüslərə uyğun olaraq həyata keçirilir. Layihə, investisiya alətlərinin çeşidinin artırılması və İslam maliyyəsi aləti olan Sukuk kimi yeni məhsulların təşviqinə xidmət edir.