
Rumıniyanın müdafiə naziri İonuț Moșteanu və Ukraynanın müdafiə nazirinin birinci müavini Sergey Boev ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə edib.
APA xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Görüş zamanı nümayəndə heyətləri Rumıniyanın Ukraynaya göstərdiyi çoxtərəfli yardımın əsas aspektlərini nəzərdən keçirib və müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi yollarını, birgə hərbi tədqiqat layihələrini, eləcə də təlim proqramlarını və iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əlaqəni müzakirə ediblər", – məlumatda deyilir.
Tərəflər texniki və institusional səviyyədə əlaqələri intensivləşdirmək və müvafiq şirkətlər arasında birgə layihələri və tərəfdaşlığı stimullaşdırmaq məqsədilə müdafiə sənayesi məsələləri üzrə vaxtaşırı ikitərəfli görüşlər keçirmək barədə razılığa gəliblər.