• 4 °C
|

Göydəniz Qəhrəmanov: “Konstitusiyada aparılan islahatlar dayanıqlı inkişaf, sosial rifah və milli təhlükəsizliyin təmin olunmasına xidmət edir”

15 Noyabr 2025
img

     “Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildiyi gündən etibarən müstəqil dövlətin siyasi, hüquqi və mənəvi bünövrəsini formalaşdıran ən ali sənəd kimi çıxış edir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi ilə hazırlanmış bu sənəd, xalqın iradəsinə əsaslanan dövlətin qurulmasına, vətəndaşın hüquqlarının təmin edilməsinə və cəmiyyətin demokratik inkişafına geniş yol açdı. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.” Bu sözləri 12 Noyabr – Konstitusiya Günü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat qeyd etdi ki Cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən konstitusiya islahatlarının Azərbaycanın hüquqi dövlət modelini daha da mükəmməl etdi: “XXI əsrin əvvəllərində Konstitusiyada yeni dövrün tələblərinə uyğun zəruri dəyişikliklər müstəqil dövlətçiliyimizi yeni inkişaf mərhələsinə uğurla həyata keçirildi. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar ölkədə hüquq sisteminin çevik və müasir tələblərə uyğun idarəetməsini təmin etdi.

Xüsusən 2016-cı ildə Konstitusiyaya edilən dəyişikliklər dövlətin institusional dayaqlarını möhkəmləndirdi, insan hüquq və azadlıqlarının müdafiəsini daha səmərəli mexanizmlərlə təmin etdi. Yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradılaraq dövlət idarəetməsinin funksional səmərəliliyi yüksəldildi. Konstitusiyada aparılan islahatlar təkcə hüquqi müstəvidə deyil, həm də siyasi sabitlik və idarəetmə  baxımından mühüm əhəmiyyət kəsb etdi. Bu dəyişikliklər nəticəsində ali dövlət orqanlarının fəaliyyəti arasında qarşılıqlı tarazlıq və koordinasiya gücləndi. Dövlət başçısının səlahiyyətlərinin strukturlaşdırılması, icra hakimiyyətinin çevikliyi və məsuliyyətliliyi müasir idarəetmə standartlarına uyğunlaşdırıldı. Bu, Azərbaycanın uzunmüddətli strateji hədəflərinə – dayanıqlı inkişaf, sosial rifah və milli təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Konstitusiya bütün vətəndaşların irqi, dini, etnik və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqa malik olduğunu təsbit edir. Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdu.

Məhz bu baza prinsipləri cənab Prezident İlham Əliyevin siyasi kursunda prioritet istiqamət kimi davam etdirilir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.