
“Goranboyda axşam saatlarında yaşayış binasının bir blokunun uçmasına baxmayaraq hadisə zamanı nə sakinlərdən, nə də aidiyyəti qurumların əməkdaşlarından xəsarət alan olmayıb”.
Bunu APA-nın yerli bürosuna Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib.
Onun sözlərinə görə 23 noyabr tarixində səhər saatlarında Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsindəki 60 mənzili 5 mərtəbəli 6 bloklu binanın birinci mərtəbəsində çökmə baş verib. Hadisədən sonra dərhal bina sakinləri təxliyə olunub və kirayə evlərlə təmin olunublar.
Daha sonra həmin binanın bir blokunda çökmə baş verib. Binanın həmin bloku tamamilə çöküb.
“Çox şükürlər olsun ki itki yoxdur. Vəziyyət tam nəzarətdədir. Rayonun bütün aidiyyəti qurumları hadisə yerinə cəlb edilib. Ümumi vəziyyət tam nəzarətdədir. Bu bina ilə bağlı Nazirlər kabinetinə və FHN-ə müraciət olunub. Artıq yeni binanın tikintisi ilə bağlı qərar qəbul olunub. Bina tamamilə qəzalı vəziyyətdədir. Yeni binanın tikintisi ilə bağlı da artıq geoloqlar və topoqraflar rayonda fəaliyyətə başlayıb”, – Məhərrəm Quliyev bildirib.
O bildirib ki, uçan binanın ərazisi tam təmizləndikdən sonra həmin yerdə yeni yaşayış kompleksi tikiləcək.
İH başçısı bildirib ki, ümumilikdə 76 mənzili yaşayış kompleksinin tikintisi üçün artıq müəyyən işlərə başlanılıb. İnsanlar kirayə evlərlə təmin edilib. Dövlət başçısının tapşırığına əsasən sakinlər yeni binaya köçənə qədər onlara nəzarət ediləcək.
Qeyd edək ki, ərazi Goranboy Rayon Polis Şöbəsinin rəhbərliyinin tapşırığına əsasən mühafizə edilir. FHN-nın və digər qurumların əməkdaşları də lazımi tədbirləri görürlər.
M. Quliyev bildirib ki, FHN ümumi qərarı əsasında yaxın zamanlarda binanın tamamilə sökülməsi təmin olunaraq yeni binanın tikintisinə start veriləcək.