
Moskva Trampın Ukrayna böhranının həlli ilə bağlı ilkin 28 bəndlik planından başqa əlavə olaraq daha dörd sənəd alıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremldə keçirilən danışıqların yekunu ilə bağlı danışan Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
O, bu əlavə dörd sənədin mahiyyətini açıqlaya bilmədiyini, lakin sənədlərin hamısının Ukraynadakı böhranın uzunmüddətli həllinə və sülhə aid olduğunu söyləyib.
Onun sözlərinə görə, görüş Ukrayna böhranının gələcək həlli yollarını müzakirə etmək üçün bir fürsət yaradıb.
Uşakov vurğulayıb ki, görüş zamanı konkret təkliflər deyil, ABŞ böhranın həlli planının mahiyyəti müzakirə edilib.
Kreml rəsmisi Putin və Uitkoffun gələcək iqtisadi əməkdaşlığın böyük perspektivlərini də müzakirə etdiklərini söyləyib.
"Əlbəttə ki, iki ölkə arasında gələcək iqtisadi əməkdaşlığın böyük perspektivləri müzakirə edildi. Yeri gəlmişkən, bu, əvvəlki görüşlərdə ətraflı müzakirə olunmuşdu. Lakin indi vurğulandı ki, bu barədə bir şey etməliyik. Əgər həqiqətən əməkdaşlıq etmək istəyiriksə və bunun üçün böyük imkanlar varsa, buna real istəyimizi nümayiş etdirməliyik", – Uşakov deyib.
O həmçinin əlavə edib ki, Rusiya və ABŞ nümayəndələr və köməkçilər səviyyəsində əlaqələri davam etdirəcəklər. Putinlə Tramp arasında görüşün ehtimalı da məhz bu səviyyədəki irəliləyişdən asılıdır.
"Razılığa gəldik ki, amerikalılarla, xüsusən də Kremldə olan şəxslərlə nümayəndələr, köməkçilər və digər nümayəndələr səviyyəsində əlaqələri davam etdirəcəyik. Prezidentlər səviyyəsində mümkün görüşə gəldikdə isə, bu, köməkçilərimiz, nümayəndələrimiz və sair vasitəsilə israrla və inadla davam etdirəcəyimiz yolda hansı irəliləyişlərə nail ola biləcəyimizdən asılı olacaq", – Kreml rəsmisi əlavə edib.
Putinin köməkçisi bundan başqa danışaqlarda konkret ərazi məsələsinin müzakirə olunub-olunmadığı ilə bağlı sualı belə cavablandırıb: "Bu məsələ müzakirə olunanlar arasında bizim üçün daha vacib olanıdır. Amerikalılar üçün də həmçinin. Hələlik kompromis variantı tapılmayıb. Lakin ABŞ-ın təklif etdiyi bir sıra variantlar az-çox məqbul görünür. Lakin onları müzakirə etmək lazımdır. Təklif olunan bir sıra variantlar bizə uyğun gəlmir. Bunların üzərində iş davam etdiriləcək".