
Son illər ölkəmizin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əldə etdiyi nəticələr təsdiqləyir ki, Azərbaycan regionda lider mövqeyini gücləndirir. Bu inkişaf yalnız statistik rəqəmlərlə ölçülmür; bu, dövlət idarəçiliyində müasir yanaşmaların, sosial rifahın yüksəlişinin və milli ideyaya sədaqətin birgə təzahürüdür.
Bu sözləri mediaplus.az saytına açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov bildirib.
Qarabağ Zəfəri bu siyasətin ən möhtəşəm nəticəsidir. Azərbaycan xalqı otuz illik ədalətsizliyə son qoyaraq, öz tarixi torpaqlarını azad etməklə bütün dünyaya sübut etdi ki, milli birlik və lider iradəsi qarşısında heç bir güc dayana bilməz. Bu Qələbə təkcə hərbi-siyasi nəticə deyil, həm də dövlətçilik düşüncəmizin, milli özünüdərkimizin və xalq–lider həmrəyliyinin təntənəsidir. Qarabağda bu gün aparılan genişmiqyaslı bərpa və quruculuq işləri isə Zəfərin davamlı inkişaf mərhələsinə keçdiyini göstərir.
Bununla belə, ölkəmizin uğurlarına kölgə salmağa çalışan, hətta Qarabağ Zəfərinə belə sevinməyən antimilli qüvvələr də mövcuddur. Onların fəaliyyətinin heç bir ictimai dayağı yoxdur və dövlətçiliyimizə qarşı yönəlmiş bütün cəhdlərdə olduğu kimi, bu gün də iflasa məhkumdurlar. “Qafqaz baharı” arzusunda olan çevrələrin — “boz kardinal” Mehdiyev və Kərimlinin — gizli görüşləri, aralarındakı məlumat mübadiləsi və həyata keçirməyə çalışdıqları planlar tamamilə puça çıxdı. Gültəkin Hacıbəyli və Cəmil Həsənlinin çıxışları da bir daha ölkəmizin inkişafına kölgə salmaq kimi şəxsi maraqlarını güdərək niyyətlərinin dəyişmədiyini ortaya qoydu.
Onlar anlamalıdırlar ki, Azərbaycanın sarsılmaz dövlətçilik gücü ölkəmizin əsas strateji üstünlüyüdür. Dövlət–xalq birliyinin möhkəmliyi regional təşəbbüslərdən qlobal proseslərə qədər bütün istiqamətlərdə ölkəmizin mövqelərini gücləndirir. Xalqımızın həmrəyliyi, ölkə başçısına dərin inamı və dövlətimizin inkişaf kursuna sədaqəti Azərbaycanı qarşıdakı illərdə daha böyük hədəflərə aparacaq başlıca amildir.
Ölkəmiz dünyada güclü siyasi iradəsi və milli həmrəyliyi ilə seçilən dövlətdir. Azərbaycanın inkişaf yolunda atdığı hər addım milli birliyimizin gücündən bəhrələnir və bu birlik bizi gələcəyə daha inamla aparır.