
Fransa Prezidenti Emmanuel Makron yeni nəsil nüvə aviadaşıyıcısının inşasını nəzərdə tutan proqramın rəsmi olaraq başladığını açıqlayıb.
APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama dövlət başçısının Əbu-Dabidə yerləşən hərbi bazada fransız hərbi kontingenti qarşısında çıxışı zamanı səsləndirilib.
Yeni gəmi Fransa donanmasının hazırkı flaqmanı “Şarl de Qoll”u əvəzləmək üçün nəzərdə tutulur.
Makron vurğulayıb ki, “nəhəng layihə”nin icrasına başlamaq barədə qərar məhz bu həftə qəbul olunub.
“Porte-Avions Nouvelle Génération” adlanan proqramın dəyəri təxminən 10,25 milyard avro qiymətləndirilir.
Gözlənilir ki, yeni aviadaşıyıcı Avropada indiyədək inşa edilmiş ən böyük hərbi gəmi olacaq və K22 tipli iki nüvə reaktoru ilə təchiz ediləcək.
Gəminin 2038-ci ildə istismara verilməsi planlaşdırılır.