
“Bu gündən etibarən amnistiya aktının icrasına başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü ölkəmizin hüquqi və sosial həyatında mühüm hadisədir. Bu təşəbbüs dövlətin humanizm prinsiplərinə sadiqliyini və hüquqi dövlət anlayışını praktik müstəvidə tətbiq etdiyini aydın şəkildə bir daha nümayiş etdirir”.
Mediaplus.az xəbər verir ki, bu sözləri millət vəkili Göydəniz Qəhrəmanov sosial şəbəkə hesablarında qeyd edib.
“Amnistiya aktı təxminən 20 min nəfəri əhatə edəcək. Bu isə yüz mindən çox ailə üzvü üçün sevinc, ümid və yeni başlanğıc deməkdir. Uzun müddət yaxınlarının azadlığa çıxmasını gözləyən ailələr üçün bu qərar sosial baxımdan mühüm rahatlıq yaradacaq. Amnistiya yalnız fərdlərə deyil, bütövlükdə ailə institutuna və ictimai həmrəyliyə töhfə verən bir addım kimi dəyərləndirilməlidir.
Konstitusiyanın aliliyinə əsaslanan bu addım dövlət–vətəndaş münasibətlərinin möhkəm olmasını və hüquqi islahatların ardıcıllığını göstərir.
Bu qərar layihəsi bir daha göstərir ki, güclü Azərbaycan dövləti yalnız siyasi və hərbi uğurlarla deyil, eyni zamanda insan amilinə söykənən ədalətli və məsuliyyətli idarəçilik modeli ilə seçilir”, – deyə millət vəkili bildirib.