• 4 °C
|

Göydəniz Qəhrəmanov: “Həmrəylik günü Vətənə bağlılıq və milli birlik hisslərini özündə təcəssüm etdirir”

31 Dekabr 2025
img

“Sovet imperiyasının süqutundan sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının həmin tarixi sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qəbul edilmiş qərar da bu birləşmək istəyinin simvoludur. Həmin il dekabrın 25-də Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurası Naxçıvan Ali Məclisinin müraciətini nəzərə alaraq, 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib. Artıq uzun illərdir ki, bütün dünya azərbaycanlıları rəsmən bu günü bayram kimi qeyd edir. Dünya azərbaycanlılarının həmrəyliyi gününü təsis etməklə Ulu Öndər Heydər Əliyev xalqın ideoloji birliyinə müvəffəq olmuşdur.”

Bu sözləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanovdeyib.

Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, qalib və suveren Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən, onların milli-mənəvi varlığını yaşadan yeganə ölkədir: “Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu gün dünya azərbaycanlılarının yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynamaları, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə vermələri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirmələri də Ulu Öndər Heydər Əliyevin  müvəffəq olduğu ümumxalq mənəvi-ideoloji birliyinin bir təzahürüdür. Hazırda bütün dünya azərbaycanlıları Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların nümayəndələri ilə səmərəli əməkdaşlığın qurulması sahəsində effektiv tədbirlər həyata keçirirlər.

Ulu Öndər Heydər Əliyevin başladığı ənənəni bu gün uğurla davam etdirən cənab Prezident İlham Əliyev bütün xarici səfərləri zamanı diasporumuzun nümayəndələrimiz ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir, onlarla ifikir mübadilələri aparır. Artıq uzun illərdir ki, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində müasir dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezident dünyada gedən mürəkkəb proseslərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır.

Möhtərəm Prezidentimizin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərləri zamanı bu məsələ hər dəfə prioritet mövzulardan biri olmuşdur.
Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu” – deyə, millət vəkili fikirlərini tamamlayıb.