
Yanvarın 13-də “2025-ci ildə Şərur rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.
APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir
Seyidəhmədli, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, rayon icra hakimiyyətinin başçısının müavinləri, rayonun idarə və müəssisə, təşkilat rəhbərləri Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib ,abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Şərur Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov rayonun 2025-ci ili uğurla başa vurduğunu bildirərək qeyd edib ki, 2025-ci ildə rayonun yerli büdcəsinin gəlirləri 8 milyon 980 min manat proqnoza qarşı 9 milyon 377 min 30 manat, xərcləri isə 7 milyon 595 min manat proqnoza qarşı 5 milyon 970 min 514 manat icra edilib. Vergi ödənişləri ötən il 9 milyon manat proqnoza qarşı 9 milyon 333 min 229 manat, Dövlət Sosial Müdafiə Fondu ödənişləri 12 milyon 171 min 576 manat, işsizlikdən sığorta ödənişləri 462 min 970 manat, icbari tibbi sığorta ödənişləri isə 2 milyon 41 min 86 manat icra olunub.
Sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verən Kamal Cəfərov vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tətbiq olunan güzəştlər Şərurda özəl sektorun inkişafına təkan verib.
İcra Hakimiyyətinin başçısı dövlət satınalmaları, əhalinin sosial müdafiəsi və məşğulluğu, təhsil, səhiyyə, ekoloji, mədəniyyət və digər sahələr üzrə görülmüş işlər, investisiya vəsaiti hesabına və Dövlət Proqramı çərçivəsində icra olunan layihələr barədə ətraflı məlumat verib, 2026-cı ildə icrası nəzərdə tutulan işlərdən bəhs edib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi fikirləri diqqətə çatdıraraq qeyd edib ki, ölkədə həyata keçirilən dövlət siyasəti insan amilinə əsaslanır və vətəndaşların sosial rifahının yüksəldilməsi strateji məqsəd kimi daim diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafı üzrə həyata keçirilən layihələr regionun strateji əhəmiyyətini artırır və onu beynəlxalq nəqliyyat logistika şəbəkəsinin vacib həlqəsinə çevirir. Zəngəzur dəhlizinin rellaşdırılması çərçivəsində yeni nəqliyyat xətlərinin inşası həm Türkiyə və Avropaya, həm də Yaxın Şərqə çıxışı təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması ilə Şimal-Cənub və Orta Dəhliz marşrutları mühüm bir qolu formalaşacaq.