
“Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması Azərbaycanın beynəlxalq arenada sülh, dialoq və humanizm dəyərlərinə əsaslanan siyasətinin yüksək qiymətləndirildiyini göstərir. Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi ölkəmizin regionda sabitliyin və qarşılıqlı anlaşmanın təmin olunmasına verdiyi töhfələrin qlobal səviyyədə qəbul edildiyinin təsdiqidir”.
Bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov qeyd edib.
Mükafatın təqdim olunduğu mərasimdə Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər xüsusilə diqqətəlayiqdir. Dövlət başçısının regionda uzun illər davam etmiş münaqişədən sonra sülhə nail olunmasının vacibliyini vurğulaması, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasının zəruriliyini önə çəkməsi, bu mükafatın mahiyyəti ilə tam uzlaşır. Bu, Azərbaycanın geniş coğrafiyada sülh və təhlükəsizliyi prioritet hesab etdiyini göstərir.
Bu hadisə, eyni zamanda, postmünaqişə dövründə Azərbaycanın seçdiyi sülh və əməkdaşlıq yolunun beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini göstərir. Prezident İlham Əliyevin regionda davamlı sülhün qurulmasına dair mesajları mükafatın mahiyyəti ilə üst-üstə düşür və ölkəmizin məsuliyyətli siyasi xəttini əks etdirir.
Nəticə etibarilə, “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın artan beynəlxalq nüfuzunun və sülhə verdiyi önəmin növbəti təzahürüdür və ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.