• 5 °C
|

GÖYDƏNİZ QƏHRƏMANOV: “Əbu-Dabidə səsləndirilən fikirlər Azərbaycanın güclü dövlət iradəsinin nəticəsi kimi qiymətləndirilir”

9 Fevral 2026
img

Fevralın 4-də Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər müasir dövrdə sülhün əldə olunması və qorunub saxlanması ilə bağlı mühüm siyasi-fəlsəfi çərçivə yaradır. Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafata layiq görülməyin böyük şərəf kimi qiymətləndirilməsi uzaqgörən liderliyin tarix yaradan amil olduğunu bir daha təsdiqləyir. Bu, Azərbaycanın regionda sülhün tərəfdarı olduğunu əsas prinsip kimi qəbul etdiyini nümayiş etdirir.

Bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Cənab Prezidentin çıxışında sülhün təsadüfi hadisə deyil, düşünülmüş və ardıcıl siyasətin nəticəsi kimi təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Millət vəkili Göydəniz Qəhrəmanov mətbuata açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycan ilə Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün tərəfdaşlara minnətdarlığın ifadə olunması prosesin beynəlxalq müstəvidə genişləndiyini göstərir. Onun sözlərinə görə, otuz ildən artıq müddətdə müharibə şəraitində yaşamış iki ölkənin artıq altı aydır sülh şəraitində mövcud olması təkcə statistik fakt deyil, regionun siyasi psixologiyasında baş verən köklü dəyişiklikdir.

Deputat qeyd edib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonra keçən altı ay tərəfdaşlıq və əməkdaşlıq mərhələsi kimi xarakterizə olunur və bu, sülh prosesinin daha sistemli çərçivəyə keçdiyini göstərir. Prezident Trampın şahid qismində sülh sənədini imzalaması ilə üç onillikdən artıq davam edən münaqişəyə son qoyulması beynəlxalq münasibətlər tarixində nadir hallarda rast gəlinən hadisələrdən biri kimi qiymətləndirilir. Bu fakt sülhün yalnız regional deyil, qlobal miqyasda da mühüm siyasi nəticələr doğurduğunu ortaya qoyur.

Vurğulanıb ki, sülh kağız üzərində qalan bəyanatla məhdudlaşmır. Son altı ay ərzində Ermənistanla əməkdaşlığa başlanması və ticarət əlaqələrinin genişləndirilməsi sülhün ilkin mərhələlərində atılan praktiki addımlardır. Bu proses uzun illər formalaşmış qarşılıqlı etimadsızlığın əməkdaşlıq vasitəsilə aradan qaldırıla biləcəyini göstərir və davamlı sülhün əsas mexanizmlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin bu prosesi nümunə kimi təqdim etməsi də təsadüfi deyil. Dövlət başçısı Azərbaycan–Ermənistan sülh modelinin hələ də münaqişə şəraitində olan ölkələr üçün yol xəritəsi rolunu oynaya biləcəyini diqqətə çatdırıb. Uzunmüddətli qarşıdurmaya baxmayaraq sülhün mümkünlüyü ideyası artıq real siyasi praktikaya çevrilib.

Beləliklə, Əbu-Dabidə səsləndirilən fikirlər Azərbaycanın güclü dövlət iradəsinin nəticəsi kimi qiymətləndirilir. “Zayed İnsan Qardaşlığı Mükafatı” isə bu tarixi mərhələnin beynəlxalq miqyasda tanınmasının və yüksək qiymətləndirilməsinin simvolu kimi dəyərləndirilir.