
Bu gün növbəti köç karvanı ilə Hadrut və Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
APA–nın bölgə müxbiri xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar vurğulayıblar ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
Qeyd edək ki, bu mərhələdə Xocavəndin Hadrut qəsəbəsinə 10 ailə – 47 nəfər, Qırmızı Bazar qəsəbəsinə 20 ailə – 91 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
12.42
Növbəti köç karvanları Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Hadrut qəsəbəsinə 10 ailə – 47 nəfər, Qırmızı Bazar qəsəbəsinə 20 ailə – 91 nəfər köçürülüb.
***
12.15
Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç karvanları yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Hadrut qəsəbəsinə 10 ailə – 47 nəfər, Qırmızı Bazar qəsəbəsinə 20 ailə – 91 nəfər köçürülüb.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.