
Azərbaycanda kredit və depozit faizləri üzrə banklar arasında rəqabətin artacağı proqnozlaşdırılır.
Bunu “APA-Economics”ə müsahibəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə bank sektoru üçün əsas gözləntilərdən biri banklar arasında rəqabətin daha da güclənməsi olacaq.
Z. Nuriyev qeyd edib ki, xüsusilə kredit və depozit faizləri üzrə banklar arasında rəqabətin artacağı proqnozlaşdırılır.
ABA rəhbərinin sözlərinə görə, bu isə nəticə etibarilə müştərilər üçün daha əlverişli şərtlərin formalaşmasına, daha münasib kredit imkanlarının və daha cəlbedici depozit məhsullarının təqdim olunmasına gətirib çıxaracaq.
O bildirib ki, bu baxımdan cari il həm fərdi müştərilər, həm də biznes subyektləri üçün bank xidmətlərindən daha effektiv faydalanmaq baxımından əlverişli dövr olacaq.
Z. Nuriyev əlavə edib ki, 2026-cı ildə bank sektorunda rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin daha da sürətlənməsi gözlənilir. Onun sözlərinə görə, bankların mobil tətbiqlərində və rəqəmsal platformalarında yeni funksionallıqların tətbiqi müştəri təcrübəsinin daha da yaxşılaşmasına xidmət edəcək.
ABA rəhbəri qeyd edib ki, eyni zamanda yeni tənzimləyici mexanizmlərin və prudensial yanaşmaların tətbiqi bank sektorunun uzunmüddətli sabit inkişafını təmin etməyə yönələcək.