• 9 °C
|

Qazaxıstanda referendumla əlaqədar səsvermə başlayıb

15 Mart 2026

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda səsvermə başlayıb.

APA-nın Astana şəhərinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, səsvermə ölkə üzrə bütün seçki məntəqələrində yerli vaxtla saat 07:00-da başlayıb və saat 20:00-dək davam edəcək (Bakı vaxtı ilə 06:00-dan 19:00-dək).

Bəzi xüsusi seçki məntəqələri, o cümlədən hərbi hissələrdə yerləşən 90-dan çox məntəqə isə saat 06:00-dan fəaliyyətə başlayıb.

Qazaxıstanın Mərkəzi Referendum Komissiyasının məlumatına əsasən, referendumda iştirak etmək hüququna malik 12 046 617 vətəndaş seçici siyahılarına daxil edilib.

Rəsmi məlumatlara görə, səsvermə prosesinin şəffaflığını təmin etmək məqsədilə referendumun monitorinqi üçün 359 beynəlxalq müşahidəçi və 206 xarici jurnalist akkreditə olunub.

Bundan əlavə, referendumda əlilliyi olan vətəndaşların iştirakını təmin etmək üçün xüsusi tədbirlər görülüb. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə 91 609 əlilliyi olan vətəndaş üçün xüsusi səsvermə şəraiti yaradılıb.

Seçki məntəqələrində əlçatanlığın artırılması üçün müxtəlif texnoloji həllər tətbiq olunub, o cümlədən görmə qabiliyyəti məhdud olan seçicilərin bülletenləri müstəqil şəkildə doldurmasına imkan verən Brayl sistemi təqdim edilib. Konstitusiya mətninin Brayl əlifbasında və iki dildə uyğunlaşdırılmış variantı da hazırlanıb.

Səsvermənin təşkili üçün ölkə daxilində və xaricdə ümumilikdə 10 401 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 71-i Qazaxıstan vətəndaşlarının xaricdə səs verməsi üçün 54 ölkədə yerləşən diplomatik nümayəndəliklərdə açılıb.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyində də referendumla əlaqədar səsvermə məntəqəsi yaradılıb. Azərbaycanda yaşayan və ya səfərdə olan Qazaxıstan vətəndaşları səfirlikdə təşkil olunan məntəqəyə gələrək səsvermə hüquqlarından istifadə edə bilərlər.

Xatırladaq ki, Referendum Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin təşəbbüsü ilə keçirilir və ölkədə genişmiqyaslı konstitusiya islahatlarının həyata keçirilməsini nəzərdə tutur. Təqdim olunan layihəyə əsasən, Konstitusiyanın mətninin təxminən 84 faizi yenilənib və yeni maddə və bölmələr hazırlanıb.

Səsvermə bülletenində vətəndaşlara “Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?”, – sualı təqdim olunur. Seçicilər bu suala “lehinə” və ya “əleyhinə” cavab verərək mövqelərini bildirirlər.