• 13 °C
|

Tahir Mirkişili: Məqsəd daha effektiv və etimad yaradan dövlət qulluğu sistemi qurmaqdır

19 Mart 2026
img

Məqsəd daha effektiv və etimad yaradan dövlət qulluğu sistemi qurmaqdır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

Deputat deyib ki, dövlət başçısı tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan islahatların davamıdır və əsas məqsəd dövlət qulluğunda əməkhaqqı sistemini daha aydın, ədalətli və vahid qaydalar üzərində qurmaqdır: “İndiyə qədər dövlət qulluğunda, dövlət sektorunda əməkhaqqı sistemi müəyyən qədər mürəkkəb idi və maaşdan əlavə müxtəlif əlavələr hesabına formalaşırdı. Yeni yanaşma isə bu strukturu sadələşdirərək əməkhaqqının daha şəffaf və anlaşılan olmasını təmin etməyə yönəlib. Bu dəyişikliklər nəticəsində dövlət qulluqçularının əməkhaqqı daha stabil və proqnozlaşdırılan olacaq, müxtəlif vəzifələr arasında mövcud olan bəzi uyğunsuzluqlar aradan qalxacaq. Yəni sistem daha balanslı və ədalətli şəkildə qurulacaq”.

Tahir Mirkişili qeyd edib ki, bu islahat dövlət qulluğunu əmək bazarında daha rəqabətli etmək məqsədi daşıyır: “Çünki əvvəlki modeldə əməkhaqqının əsas hissəsi əlavələrdən asılı olduğuna görə yeni işə başlayan və ya gənc kadrlar üçün bu sahə o qədər də cəlbedici görünmürdü. Yeni model isə daha sabit və aydın əməkhaqqı sistemi yaradaraq peşəkar və istedadlı insanların dövlət qulluğuna cəlb olunmasını təşviq edir. Eyni zamanda, bu dəyişikliklər dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə də xidmət edir. Ümumilikdə isə məqsəd daha müasir, effektiv və insanlara daha çox etimad verən bir dövlət qulluğu sistemi qurmaqdır. Əminəm ki, bu islahatlar öz müsbət nəticəsini göstərəcək”.