
“Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan 31 Mart soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik”.
Mediaplus.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov qeyd edib.
“1918-ci ilin mart-aprel aylarında baş vermiş bu dəhşətli hadisələr təkcə bir şəhərin və ya bir bölgənin faciəsi deyildi. Bu, planlı şəkildə həyata keçirilmiş, xalqımızın məhv edilməsinə yönəlmiş genişmiqyaslı bir cinayət idi. Həmin dövrdə Bakı Sovetinin silahlı dəstələri və xüsusilə erməni daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmişdir.
Bu qanlı hadisələrin mərkəzlərindən biri paytaxt Bakı olmuşdur. 1918-ci ilin mart günlərində Bakıda minlərlə dinc sakin – qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilmiş, evlər talan edilmiş, məscidlər və tarixi abidələr dağıdılmışdır. Şəhərdə törədilən bu vəhşiliklər qısa müddətdə ətraf bölgələrə də yayılmışdır.
Quba, Şamaxı, Naxçıvan, Qarabağ və digər bölgələrimizdə baş verən hadisələr öz amansızlığı ilə seçilirdi. Kəndlər yerlə-yeksan edilmiş, on minlərlə insan qətlə yetirilmişdir. Tarixi mənbələr və son illərdə aparılan arxeoloji qazıntılar nəticəsində Qubada kütləvi məzarlıqlar aşkar edilmişdir. Bu məzarlıqlar həmin dövrdə törədilmiş cinayətlərin canlı sübutudur. Bu gün həmin ərazi Quba Soyqırımı Memorial Kompleksi kimi fəaliyyət göstərir və hər il minlərlə insan bu faciənin qurbanlarını yad etmək üçün kompleksə üz tutur.
Erməni daşnakları tərəfindən şəhər və kəndlərimiz dağıdılmış, tarixi məscidlər yandırılmış, mədəni irsimiz məhv edilmişdir. Bu hadisələr təkcə fiziki yox, həm də mənəvi və mədəni soyqırımı xarakteri daşıyırdı. Zəngəzur bölgəsində isə azərbaycanlı əhali sistemli şəkildə öz doğma torpaqlarından qovulmuş, kəndlər yandırılmış və yaşayış məntəqələri tamamilə məhv edilmişdir. Bu proses sonrakı illərdə də davam etmiş, regionun etnik tərkibi zorla dəyişdirilmişdir.
Bu hadisələrə siyasi və tarixi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ümummilli Lider tərəfindən 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirilməsi bu istiqamətdə atılmış ən mühüm addımlardan biri idi.
Bu qərar təkcə tarixi ədalətin bərpası deyil, həm də bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyırdı.
Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti beynəlxalq platformalarda bu faciə ilə bağlı həqiqətləri ardıcıl şəkildə təqdim edir.
Biz bu faciəni yalnız anmaq üçün deyil, həm də ondan nəticə çıxarmaq üçün xatırlamalıyıq. Çünki tarixini unudan xalq gələcəyini də təhlükə altına qoyur. Bu baxımdan, xüsusilə gənc nəslin bu hadisələr barədə dolğun məlumatlandırılması, milli yaddaşın qorunması hər birimiz üçün vacibdir.
Azərbaycan xalqı tarix boyu qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, öz dövlətçiliyini qorumağı və inkişaf etdirməyi bacarmışdır. Bu faciələr bizi zəiflətmədi, əksinə, daha da gücləndirdi, birliyimizi möhkəmləndirdi. 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədalət bərpa edildi. Şəhidlərimizin qisası döyüş meydanında alındı və torpaqlarımız işğaldan azad edildi.
31 Mart soyqırımı bizə bir daha xatırladır ki, milli birlik və güclü dövlət bizim ən böyük təminatımızdır. Biz bu faciələri unutmamalı, onları gələcək nəsillərə olduğu kimi çatdırmalı və bir daha belə hadisələrin təkrarlanmaması üçün daim hazır olmalıyıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə millət vəkili bildirib.