
“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarını qəbul etməsi Azərbaycanın Türk dünyasında artan nüfuzunun və liderlik mövqeyinin növbəti təsdiqidir. Bu görüş bir daha göstərdi ki, ölkəmiz Türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafında mühüm rol oynayır”.
Mediaplus.az xəbər verir ki, bu sözləri millət vəkili Göydəniz Qəhrəmanov bildirib.
“Bu gün Türk Dövlətləri Təşkilatı artıq təkcə regional əməkdaşlıq platforması deyil, böyük geosiyasi əhəmiyyətə malik bir quruma çevrilir. Dünyada yeni güc mərkəzlərinin formalaşdığı, qlobal çağırışların artdığı bir dövrdə Türk dövlətlərinin həmrəyliyi xüsusi önəm daşıyır. Azərbaycan isə bu həmrəyliyin gücləndirilməsində aparıcı ölkələrdən biri kimi çıxış edir.
Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” fikri dövlətimizin bu istiqamətdəki prinsipial mövqeyini açıq şəkildə ifadə edir. Bu illər ərzində Azərbaycan Türk Dövlətləri Təşkilatının institusional güclənməsi, üzv ölkələr arasında əlaqələrin genişlənməsi və ortaq layihələrin həyata keçirilməsi üçün mühüm təşəbbüslərlə çıxış edir.
Bakıda keçirilən bu qəbul zamanı nəqliyyat, logistika, enerji, ticarət, rəqəmsal inkişaf və beynəlxalq təşkilatlarda ortaq fəaliyyət kimi mühüm məsələlərin müzakirə olunması Türk dünyasının gələcək inkişaf perspektivlərini daha da genişləndirir. Xüsusilə Orta Dəhliz layihəsinin inkişafı Türk dövlətlərinin iqtisadi potensialını artırmaqla yanaşı, regionun strateji əhəmiyyətini də gücləndirir.
Azərbaycan bu gün həm coğrafi mövqeyi, həm siyasi sabitliyi, həm də iqtisadi imkanları ilə Türk dünyasının birləşdirici qüvvəsinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və güclü dövlət kimi tanınır.
Əminliklə demək olar ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının Bakıda bir araya gəlməsi gələcək əməkdaşlıq üçün yeni imkanlar açaraq, Türk dünyasında birliyi və qarşılıqlı etimadı daha da möhkəmləndirəcək”, – deyə millət vəkili qeyd edib.