
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, iclasda Baş Prokurorluğun sorğusu əsasında Konstitusiyanın 76-cı maddəsinin I hissəsi baxımından Cinayət Məcəlləsinin 321-ci maddəsinin (Hərbi xidmət keçməkdən boyun qaçırma) “Qeyd” hissəsinin həmin Məcəllənin 321.1-ci maddəsi (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma), İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi və 606-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 45-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, rəyləri və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Konstitusiyanın 76-cı maddəsinin I hissəsi və 80-ci maddəsinin hüquqi təyinatından, o cümlədən hüquqi müəyyənlik və qanunçuluq prinsiplərindən, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərdən irəli gələrək Cinayət Məcəlləsinin 321-ci maddəsinin cinayət tərkibinin aydın və birmənalı şəkildə müəyyənləşdirilməsi istiqamətində təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.