• 13 °C
|

Azərbaycanda fərdi sahibkarların sayı 5%-ə yaxın artıb

25 Aprel 2026
img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2026-cı il aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1 milyon 472 min 498 fərdi sahibkar qeydiyyatdan keçib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 4,8 faiz artıb.

Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (25,9%), Lənkəran-Astara (10,2%), Qazax-Tovuz (7,9%) və Mərkəzi Aran (7,2%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 76,2%-ni kişilər (1 milyon 121 min 934 nəfər), 23,8%-ni isə qadınlar (350 min 564 nəfər) təşkil edib.

Qeyd edək ki, qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 38,3 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 26,2 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 22,3 faizini təşkil edir.

Sahibkar qadınların 28,1 faizi Bakıda, 10 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (28,8%), Naxçıvan Muxtar Respublikası (27,9%), Gəncə-Daşkəsən (26,2%), Bakı (25,8%), Şərqi Zəngəzur (24,9%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.