• 14 °C
|

Azərbaycan Prezidenti: “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir

26 Aprel 2026
img

"Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm.

APA xəbər verir ki, Prezident İlham Əliyev bunu “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir: “Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir. Bu mükafata görə bir daha təşəkkürümü ifadə edir, sülh, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".