• 15 °C
|

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

27 Aprel 2026
img

Bu il Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) vasitəsilə 250 min tona yaxın Qazaxıstanın “Kaşaqan” yatağında hasil edilən neft nəql olunacaq.

Bu barədə “APA-Economics”ə açıqlamasında “KMG Kashagan B.V.” şirkətinin (Qazaxıstanın “KazMunayQaz” Milli Şirkətinin törəmə müəssisəsi) Kommersiya Məsələləri üzrə Baş Direktorunun müavini Kuanış Keskinbayev bildirib.

""Kaşaqan" layihəsi çərçivəsində məhsulun bölüşdürülməsi haqqında saziş mövcuddur və biz, “KazMunayGaz”ı təmsil edən səhmdarlar kimi, bu il təxminən 250 min ton civarında BTC ilə neftin nəqlini planlaşdırırıq”, – Kuanış Keskinbayev qeyd edib.

Onun sözlərinə görə, BTC neft kəməri Aralıq dənizinə çıxdığı üçün Qazaxıstan tərəfi üçün daha əlverişlıdır, Bakı-Supsa kəməri ilə müqayisədə isə bu üstünlük daha aydın görünür, çünki həmin kəmər Qara dəniz sahillərinə çıxış təmin edir.

“Bakı-Supsa neft kəməri Qara dənizə çıxır. Bizim artıq digər marşrutlar vasitəsilə Qara dənizə çıxışımız var. Və yenidən yüksək tariflə Qara dənizə çıxış əldə etməyin mənası yoxdur. BTC isə Aralıq dənizinə çıxır, buna görə əlverişlidir”, – deyə Kuanış Keskinbayev bildirib.

Xatırladaq ki, 2022-ci ildə "KazMunayGaz" və SOCAR arasında Qazaxıstan neftinin tranziti haqqında saziş imzalanıb.

Qeyd etmək lazımdır ki, “Kaşaqan” yatağında ötən il 18,2 mln. ton neft hasil edilib.

Kuanış Keskinbayevin sözlərinə görə, 2026-cı ildə yataqda hasilatın müvəqqəti azalması gözlənilir ki, bu da iyun ayında təxminən bir ay yarım davam edəcək əsaslı təmirin planlaşdırılması ilə bağlıdır.