• 23 °C
|

EBRD Azərbaycan bankına 75 mln. avroyadək zəmanət verməyi planlaşdırır

13 May 2026
img

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə "AccessBank"a 75 milyon avroyadək portfel risk bölgüsü zəmanəti təqdim etməyi nəzərdən keçirir.

APA-Economics” xəbər verir ki, bu barədə EBRD-dən bildirilib. Qeyd edilib ki, layihə hazırda ilkin qiymətləndirmə mərhələsindədir və EBRD Direktorlar Şurası tərəfindən 17 iyun 2026-cı ildə təsdiqlənməsi nəzərdə tutulur.

Məlumata əsasən, zəmanət AccessBank tərəfindən veriləcək yeni mikro, kiçik və orta sahibkarlıq (MSME) kredit portfelinin kredit riskinin 50%-ni əhatə edəcək. Layihə çərçivəsində bankın kapital imkanlarının genişlənəcəyi və yeni kreditlərin verilməsi üçün əlavə resurs yaranacağı gözlənilir.

Zəmanətin hər biri 37,5 milyon avro olmaqla iki tranşla ayrılması planlaşdırılır. Birinci tranş müqavilə imzalanan zaman qüvvəyə minəcək, ikinci tranşın ayrılması isə EBRD-nin qərarından asılı olacaq. Hər tranşın müddəti 5 ilə qədər nəzərdə tutulur.

Layihə üzrə ümumi maliyyələşdirmə həcmi 87,95 milyon ABŞ dolları, ümumi layihə dəyəri isə 88,36 milyon ABŞ dolları təşkil edir.

Bank qeyd edir ki, maliyyələşdirmə əsasən gənclərə və qadınlara məxsus bizneslərə, eləcə də regionlarda fəaliyyət göstərən sahibkarlara yönəldiləcək. Bu isə inklüziv regional iqtisadi inkişafı dəstəkləməlidir.

Qeyd edək ki, EBRD Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və bu müddətdə ölkəyə 3,7 milyard avrodan çox investisiya yatırıb. Bankın Azərbaycandakı əsas prioritetləri qeyri-neft sektorunun inkişafı, yerli maliyyə institutlarının gücləndirilməsi və yaşıl iqtisadiyyata keçidin dəstəklənməsidir.