• 24 °C
|

Göydəniz Qəhrəmanov: “Regionlarda kənd təsərrüfatının inkişafı əhalinin rifah səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir”

27 May 2026
img

“Bu gün Azərbaycan üçün aqrar sektor təkcə ərzaq istehsalı sahəsi deyil. Bu istiqamət eyni zamanda regionların inkişafı, məşğulluğun artırılması, sosial sabitlik və demoqrafik balans baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bunu bir daha nümayiş etdirdi. Bu illər ərzində Azərbaycanda həyata keçirilən regional inkişaf siyasəti ölkənin iqtisadi xəritəsini ciddi şəkildə dəyişib. Bir vaxtlar infrastruktur problemləri ilə üzləşən rayonlar bu gün müasir yollar, qazlaşdırma, dayanıqlı enerji təchizatı, yeni məktəblər və xəstəxanalarla təmin olunur. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, 2004-cü ildə başlayan regional inkişaf proqramları kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb.” Bu sözləri mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Öz fikirlərini davam etdirən deputat bu yanaşmanın əsas mahiyyətini şərh edərək bildirib ki, kənd təsərrüfatını inkişaf etdirmək üçün tələb olunan əsas şərtlərdən biri kənddə yaşayış şəraitinin yaxşılaşdırılmasıdır: “Müasir iqtisadi modeldə insanlar yalnız torpaqla deyil, həyat keyfiyyəti ilə də seçim edirlər. Əgər kənddə yol, məktəb, xəstəxana, internet, enerji və xidmət sektoru inkişaf etmirsə, aqrar sahəyə marağın uzunmüddətli olması çətinləşir. Məhz buna görə Azərbaycan kəndləri iqtisadi baxımdan daha cəlbedici etməyə çalışır. Bu prosesdə kənd təsərrüfatının inkişafı əsas alətlərdən biri hesab olunur. Çünki kənd əhalisinin gəlirlərinin artması regionların ümumi iqtisadi fəallığını da yüksəldir. Son illərdə pambıqçılıq, fındıqçılıq, baramaçılıq və digər sahələrin dirçəldilməsi nəticəsində bir çox rayonlarda məşğulluq səviyyəsinin artması bunun real nəticələrindən biridir. Əlbəttə ki, regionlarda turizm sektorunun inkişafı da əhalinin rifah səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir. Təsadüfi deyil ki, müşavirədə toxunulan məsələlərdən biri də kənd təsərrüfatında xidmət sektorunun inkişaf etdirilməsi idi. Bu, olduqca vacib məqamdır. Müasir kənd iqtisadiyyatı əkinçilik və heyvandarlıqla yanaşı turizm, logistika, emal sənayesi, anbar təsərrüfatı, texniki xidmət və digər istiqamətlər regionlarda əlavə iqtisadi imkanlar açır. Prezident İlham Əliyevin çıxışında bu sahələrin paralel inkişafına diqqət yetirməsi göstərir ki, hökumət kəndlərin çoxşaxəli iqtisadi model əsasında inkişafını hədəfləyir.
Su layihələri və meliorasiya sistemlərinin genişləndirilməsi ilə bağlı səsləndirilən fikirlər də kəndlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su infrastrukturu layihələri həmin ərazilərin aqrar potensialını artırmaqla yanaşı, Böyük Qayıdış proqramının iqtisadi əsaslarını da gücləndirir. Müşavirənin əsas nəticələrindən biri odur ki, Azərbaycan kənd təsərrüfatına yalnız məhsul istehsalı prizmasından yanaşmır. Aqrar sektor regionların iqtisadi dirçəlişinin əsas dayaqlarından biri kimi qiymətləndirilir və Yeni Dövlət Proqramı da məhz bu baxımdan mühüm mərhələ olacaq” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.