
Suriya prezidenti Əhməd əl-Şaraa ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb və ikitərəfli münasibətlər, Dəməşqə qarşı qalan sanksiyaların ləğvi və ölkənin iqtisadi bərpası perspektivləri müzakirə edilib.
APA xəbər verir ki, bu barədə Suriya liderinin ofisi məlumat yayıb.
Məlumata görə, əl-Şaraa ölkənin yenidənqurma mərhələsində Suriyaya beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, qalan sanksiyaların ləğvi iqtisadiyyatın dirçəldilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şərtdir.
Suriya prezidenti həmçinin investisiyaların stimullaşdırılması və iqtisadi və infrastruktur layihələrinin iqtisadiyyatın əsas sektorlarına qayıtması üçün əlverişli şərait yaradılmasının lehinə çıxış edib.
Söhbət zamanı tərəflər Yaxın Şərqdə davam edən gərginlik fonunda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Əl-Şaraa daha da gərginləşmənin qarşısını almaq üçün diplomatik həll metodlarına və dialoqa üstünlük verilməsinin vacibliyini bildirib.