|

İran Küveyt və Bəhreynin ABŞ-ın hücumlarına görə birbaşa məsuliyyət daşıdığını bildirir

3 İyun 2026
img

İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun Hörmüz boğazında İran tankerinə və Qeşm adasında telekommunikasiya qülləsinə hücumlarını pisləyərək, Vaşinqtonun atəşkəs razılaşmasınıvə beynəlxalq hüququ pozduğunu bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, rəsmi Tehran “ABŞ-ın region ölkələrinin ərazisi və imkanlarından İran əleyhinə təcavüzkar planların həyata keçirilməsi üçün istifadə etməsini” qınayıb, eyni zamanda, Küveyt və Bəhreynin ötən gecə ABŞ-ın hücumlarına görə birbaşa məsuliyyət daşıdığını qeyd edib.

Bəyanatda vurğulanıb ki, hər hansı ölkənin təcavüzkar tərəflərə İran əleyhinə hərbi hücumun həyata keçirilməsi və ya dəstəklənməsi üçün öz quru, dəniz və hava ərazisindən, yaxud həmin ərazidə yerləşən bazalardan istifadə etməyə icazə verməsi beynəlxalq hüququn əsas qaydalarının və mehriban qonşuluq prinsipinin açıq şəkildə pozulmasıdır.

Tehran özünümüdafiə hüququnu özündə saxladığını və gələcək hücumların mənbəyini hədəf almaq da daxil olmaqla, bütün mövcud vasitələrdən istifadə edəcəyini bəyan edib.