• 23 °C
|

Göydəniz Qəhrəmanov: “Azərbaycanın enerji strategiyası iqtisadi inkişafı və milli təhlükəsizliyi özündə birləşdirən kompleks dövlət modelidir”

4 İyun 2026
img

“Müasir Azərbaycanın inkişaf tarixini enerji strategiyasından ayrı təsəvvür etmək mümkün deyil. İyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha göstərdi ki, son otuz ildə ölkənin əldə etdiyi uğurların əsasında uzaqgörən enerji siyasəti, milli maraqlara söykənən idarəetmə modeli və strateji baxış dayanır. Dövlət başçısının qeyd etdiyi kimi, vaxtilə təşkil olunan Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafında xüsusi rol oynayıb. Sonradan bu təşəbbüs genişlənərək qlobal enerji gündəliyinin mühüm platformalarından biri olan Bakı Enerji Həftəsinə çevrilib. Təsadüfi deyil ki, 1996-cı ilin iyununda dünyanın ən iri qaz yataqlarından biri hesab olunan “Şahdəniz” üzrə müqavilənin imzalanması da məhz bu platformanın formalaşdırdığı əməkdaşlıq mühitinin nəticəsi idi. Bu layihə Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini gücləndirməklə yanaşı, ölkənin qaz ixracatçısı kimi yeni mərhələyə qədəm qoymasına şərait yaratdı.” Bu fikirlər millət vəkili Göydəniz Qəhrəmanovun mətbuata verdiyi açıqlamasında yer alıb.
Deputat Azərbaycanın enerji uğurlarının təməlinin 1994-cü ildə qoyulduğunu qeyd edib və bildirib ki, həmin dövrdə ölkə son dərəcə mürəkkəb vəziyyətlə üz-üzə idi: “Müstəqilliyimizin ilk illərində respublikanı bürümüş iqtisadi böhran, siyasi qeyri-sabitlik, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqların bir hissəsinin itirilməsi və bir milyondan artıq qaçqın problemi dövlətin inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırırdı. Enerji resurslarına malik olmasına baxmayaraq, Azərbaycan elektrik enerjisi və təbii qaz idxal edən ölkəyə çevrilmişdi. Lakin Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü ildən həyata keçirilən enerji siyasəti ölkənin iqtisadi dirçəlişinin əsas hərəkətverici qüvvəsinə çevrildi. Bu gün əldə olunan nəticələr həmin strategiyanın uğurunu aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın beynəlxalq reytinq agentlikləri tərəfindən verilən qiymətləndirmələri ildən-ilə yaxşılaşır. Ölkə artıq investisiya səviyyəli reytinqə malikdir. Vaxtilə 50 faizdən çox olan yoxsulluq səviyyəsinin 5 faizə qədər azalması, işsizliyin minimum həddə enməsi və makroiqtisadi sabitliyin təmin olunması enerji gəlirlərinin səmərəli idarə edilməsinin nəticəsidir. Bu uğurların digər mühüm göstəricisi Azərbaycanın maliyyə dayanıqlığıdır. Dövlət başçısının qeyd etdiyi kimi, ölkənin strateji valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Bu göstərici dünyanın bir çox inkişaf etmiş dövlətləri ilə müqayisədə daha əlverişli vəziyyət hesab olunur. Azərbaycanın xarici maliyyə institutlarından asılılığını minimuma endirməsi və iqtisadi qərarlarını müstəqil şəkildə qəbul etməsi məhz bu maliyyə gücünə əsaslanır.
Enerji siyasətinin nəticələri yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Son otuz il ərzində əldə olunan maliyyə imkanları dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsinə də şərait yaradıb. Azərbaycan güclü ordu quraraq ərazi bütövlüyünü bərpa etməyə nail olub. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər bir daha göstərdi ki, iqtisadi müstəqillik və güclü maliyyə resursları milli təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Beləliklə, Azərbaycanın enerji strategiyası sadəcə neft və qaz hasilatı ilə bağlı proqram deyil. Bu siyasət iqtisadi inkişafı, sosial rifahı, maliyyə dayanıqlığını və milli təhlükəsizliyi özündə birləşdirən kompleks dövlət modelidir. Bakı Enerji Həftəsində səsləndirilən fikirlər də təsdiq edir ki, təbii sərvətlərdən səmərəli istifadə edən və onları milli inkişafın xidmətinə yönəldən ölkələr uzunmüddətli uğur əldə edə bilirlər. Azərbaycan bunun ən parlaq nümunələrindən biridir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.