• 24 °C
|

İran və ABŞ arasında memorandumun Hörmüz boğazı ilə bağlı mətninin yeni detalları açıqlanıb

15 İyun 2026
img

İran yalnız 60 gün müddətində gəmilərin ödənişsiz keçidini qəbul edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın “Fars” agentliyi məlumatlı mənbəyə istinadən İran və ABŞ arasında əldə olunmuş razılaşmanın yeni detallarını yayıb.

Məlumata əsasən, danışıqların son anlarında memorandumun mətninə dəyişikliklər edilib və bu dəyişikliklərdə Hörmüz boğazı üzərində İran və Oman suverenliyinin tətbiqi açıq və qəti şəkildə vurğulanıb.

Bildirilib ki, sənədin əvvəlki variantında İranın nəzarətini və müəyyən etdiyi mexanizmləri təmin edən ifadələr yer alsa da, yeni mətndə Hörmüz boğazında “dənizçilik xidmətlərinin gələcək idarə olunmasının” İran və Oman tərəfindən müəyyən ediləcəyi qeyd olunub. Mənbənin iddiasına görə, “dənizçilik xidmətləri” ifadəsinin istifadə edilməsi ABŞ tərəfindən İranın bu xidmətlərə görə ödəniş almaq hüququnun qəbul edilməsi anlamına gəlir.

Məlumatda qeyd olunub ki, eyni prinsip sənədin başqa hissəsində də təkrar olunur. Həmin müddəaya əsasən, İran yalnız 60 gün ərzində gəmilərin ödənişsiz keçidinə razılıq verəcək. Mənbənin iddiasına görə, ABŞ ödəniş alınması prinsipini qəbul edib və yalnız 60 günlük güzəşt əldə edə bilib.

“Fars”ın məlumatına görə, bu müddət başa çatdıqdan sonra İran təhlükəsizlik, dənizçilik, ətraf mühitin mühafizəsi və sığorta xidmətləri təqdim etməklə boğazdan keçən ticarət gəmilərindən əldə olunacaq gəlirlərdən ölkənin iqtisadi inkişafı üçün istifadə etməyi planlaşdırır.

Agentlik əlavə edib ki, bu məsələdə Hörmüz boğazının digər sahil dövləti olan Omanın dəstəyi əsas amillərdən biri olub və Oman tərəfinin mövqeyinin uzlaşdırılması məqsədilə zəruri danışıqlar aparılıb.