
Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələri üçün Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil edilib.
APA xəbər verir ki, mediatur gömrük sistemində həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər və təkmilləşdirmələr, həmçinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük işinin təşkili barədə media nümayəndələrinin məlumatlandırılması məqsədilə keçirilib.
İlk olaraq Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində keçirilən brifinqdə aksizli malların idxalı, bəyan edilməsi, gömrük rəsmiləşdirilməsi prosesləri, eləcə də baş idarənin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Daha sonra media nümayəndələri bəyanetmə, nəqliyyat vasitələrinə texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi və digər əməliyyatları əyani şəkildə izləyiblər.
Bildirilib ki, sahibkarlara və fiziki şəxslərə xidmət operativ şəkildə göstərilir. Gömrük ödənişləri isə nağdsız qaydada – bank vasitəsilə və ya internet üzərindən həyata keçirilir.
Mediatur çərçivəsində media nümayəndələri üçün Dövlət Gömrük Komitəsinin tətbiqinə başladığı "Rəqəmsal Gömrük Dəyəri Sistemi" layihəsinə həsr olunmuş seminar da təşkil edilib.
Qeyd olunub ki, layihə gömrük dəyərinin rəqəmsal həllər əsasında müəyyən edilməsinə, gəlir və xərclərin daha səmərəli idarə olunmasına, məlumatların unifikasiyası və rəqəmsal emalına, subyektiv amillərin aradan qaldırılmasına, eləcə də vaxt və vəsaitə qənaət edilməsinə imkan yaradır.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.