
Voronejə edilən hücum nəticəsində 5 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə vilayət rəhbəri Aleksandr Qusev məlumat verib.
Onun sözlərinə görə, onlarla insan tibbi yardım üçün müraciət edib, lakin onların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Qusevin bildirdiyinə görə, hücuma məruz qalan müəssisədə yanğın başlayıb və alov bir neçə saat ərzində söndürülüb. Hazırda xilasedicilər dağıntılar altında axtarış və təmizləmə işləri aparır.
Hadisə nəticəsində 10 çoxmənzilli yaşayış binası və fərdi yaşayış sektorunda yerləşən 6 ev zərər görüb. Pəncərələrin şüşələri sınıb, binaların fasadları və dam örtükləri zədələnib.
Bundan əlavə, təxminən 50 avtomobilə də ziyan dəyib.
***
13:59
Ukrayna ordusunun Voronejə zərbəsi nəticəsində üç nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib.
Onun sözlərinə görə, şəhər üzərində bir neçə “yüksəksürətli hava hədəfi” məhv edilib, müəssisələrdən biri isə zərər görüb.
***
13:18
Ukrayna ordusu Rusiyanın Voronej şəhərinə raket zərbəsi endirib, güclü yanğın başlayıb.
Bu barədə “RBK-Ukraine” sosial şəbəkələrdəki video materiallara əsaslanaraq məlumat yayıb.
İlkin məlumatlara görə, şəhərə bir neçə “Storm Shadow” qanadlı raketinin düşdüyü bildirilir.
Ukraynanın “Exilenova” resursunun məlumatına əsasən, hücumun hədəfi bir sıra ölkələrin sanksiya siyahısında yer alan Voronej Yarımkeçirici Cihazlar zavodudur. Müəssisə Rusiya raketlərinin, o cümlədən “İskəndər” və “Kalibr” sistemlərinin idarəetmə sistemlərində, həmçinin radiolokasiya stansiyaları və hava hücumundan müdafiə komplekslərində, o cümlədən S-400 sistemlərində istifadə olunan tranzistorlar, diodlar, mikrosxemlər və güc modulları istehsal edir.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik məlumat yaymayıb.
Hücumun nəticələri və hədəfin dəqiq müəyyənləşdirilməsi ilə bağlı məlumatlar dəqiqləşdirilir.