
Ukrayna Müdafiə Nazirliyi "Siklop" adlı yeni pilotsuz uçuş aparatı kompleksinin Silahlı Qüvvələrin istifadəsinə verildiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Siklop" yüksək manevr qabiliyyəti, müxtəlif sürətlərdə dəqiq idarəetmə və yüksək taktiki-texniki göstəricilərə malikdir.
Nazirlik qeyd edib ki, kompleks müasir yüksək intensivlikli müharibə şəraiti üçün Ukrayna müəssisəsində hazırlanıb.
Məlumata görə, "Siklop"un müxtəlif modifikasiyaları artıq bir neçə ildir cəbhədə istifadə olunur.
Birinci variant daha ucuz, konstruksiya baxımından sadə və istismarı asan dron-tutuculardan ibarətdir. Onlar yerüstü hədəflərlə yanaşı, aşağı hündürlükdə və aşağı sürətlə hərəkət edən hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.
İkinci modifikasiya isə daha yüksək taktiki-texniki xüsusiyyətlərə malikdir və yüksək hündürlükdə uçan "Şahed" tipli pilotsuz uçuş aparatlarını vurmaq üçün hazırlanıb.