• 29 °C
|

Tarix heç nəyi unutmur – Afaq Məsud

20 İyul 2026

Bəzi məsələlər var ki, onların gündəmə gətirilmə səbəbini, axtarılan çıxış və həll yollarının məna və mahiyyətini anlamaqdan ötrü predmetin alt qatında yatan mətləbləri bir qədər dərindən və ətraflı incələmək ehtiyacı yaranır. Son vaxtlar belə bir ehtiyacı disput və müzakirələrini ara-sıra “Youtube” kanalından izlədiyim, qarmaqarışıq fikir atışmalarına, gah nala, gah mıxa vuran sürüşkən improvizələrinə, bəzən “tin söhbətləri” səviyyəsinə enən qeybətlərinə mat-məəttəl qaldığım bir qisim mühacir soydaşlarımızın sanki Azərbaycanın şantajı üzərindən qurulmuş eybəcər təbliğat maşını yaradır…

Xalqının taleyinə uzaq sivil diyarlardan “acıyan”, məmləkətini “düşdüyü dərin və qaranlıq bataqlıqdan” çıxarmaqdan ötrü sosial şəbəkələri yağış sonrası göbələklər kimi bürüyüb ölkə gündəminin müzakirəsinə girişən, gözlərinə sataşan irili-xırdalı əyər-əskiyi ortaya qoyub top atəşinə tuta-tuta, bir ucdan Avropa qatarlarının çevik hərəkət cədvəlindən, hamar maşın yollarından, pulsuz tramvaylarından, səxavətli müavinət və maaşlarından danışıb əcaib qalibiyyət şövqü ilə şellənən, yaxud narazı başlarını müdrik müəllim təbiri ilə yelləyə-yelləyə dərin düşüncələrə dalan bu “yanımlı qardaşlarımızın” içini yandıran dərdlərinin nə olduğunu, ağız dolusu təriflər yağdırıb göylərə qaldırdıqları həmin o sivil məmləkətlərdə nədən rahat yaşaya bilmədiklərinin səbəbini anlamaqdan ötrü bir qədər səbirli olub bütün bu mərəkəni yazıçı gözü ilə kənardan müşahidə etmək gərək olur.

Ölkənin halını və əhvalını gizli casus izləməsi ilə güdə-güdə qırmaqlarına keçəni milli faciəyə çevirib uzun-uzadı təhlillər aparan, mövzuları bitəndə, valı dəyişib çoxmənalı, ironik təbəssümlərini, lağlağı və atmacalarını işə salıb, kiminsə rənginin soluxma səbəbinin, gözlərinin altında kölgələnən şübhəli ləkələrin tədqiqinə başlayan bu “iradtutma xəstələrinin”, ümumiyyətlə “dövlət” deyilən anlayışdan, onun məzmun və mahiyyətindən, nizamlanması heç də hər zaman mükəmməl proqram və planlamalarla, təxmin və hesablamalarla elə də asan başa gəlməyən mürəkkəb mexanizmindən, qlobal dünya siyasətinin “yerüstü və yeraltı” axınlarının ona təsir və təzyiq imkanlarından və daha nələr və nələrdən nə qədər məlumatlı olub-olmadığı barədə dərindən düşünməli olursan.

Təbii ki, Azərbaycanın da inkişaf etmiş, sivil dövlət olaraq, hər hansı qüsurların aradan qaldırılmasına təkan verəcək, işıqlı ideyaları, işlək proqramları ilə inkişaf və tərəqqisinə yardımçı ola biləcək konstruktiv və sağlam müxalifətə ehtiyacı var. O müxalifətə ki, niyyəti, amalı – dövlətini aşağılayıb gözdən salmaq, beynəlxalq imici və nüfuzuna xələl yetirmək yox, onun siyasi-iqtisadi dayanıqlığının güclənməsinə, istiqbalına və tərəqqisinə yardımçı olmaqdır. O müxalifətə ki, şeytani heysiyyət və məntiqlə idarə olunan bu fırtınalı dünya dönəmində, dörd bir yandan nəhəng ağızlarını açıb onu udmağa, büdrədib üzü üstə yıxmağa həvəsli siyasət “əjdahalarının” arasında baş çıxarıb öz ayaqları üstə möhkəm dayanan ölkəsini “batmaqda olan məmləkət”, doğma xalqını “hüquqlarını müdafiə edə bilməyən məzlum kütlə” obrazında cəmiyyətə sırımaq kimi rəzil vərdişi yoxdur.

“Youtube” platformasından bəzən siyasi icmalçı, bəzən peşəkar politoloq obrazında çıxış edən bu “gündəm tədqiqatçılarının” yaxın keçmişimizdə yaşananlarla bağlı yaddaş itkisi, əcaib unutqanlığı, bu unutqanlığın özünün belə həqiqi, yoxsa saxta olduğu qaranlıq və şübhəli suallar doğurur.

Göz yaşı və utanc dolu xiffətlə yola saldığımız ötən 30 ili “Qarabağ”, “itirilmiş torpaqlar” deyib dad eləyən, xaraba qalmış məzarlıqlarımızın, əsir qadınlarımızın halına acıyıb, Xocalı faciəsinə yas tutanların bu gün doğma torpaqlarına qovuşan sadə insanları lağa qoyub ələ salmasını, yerə-göyə sığmayan sevinclərinə şəbədə qoşub, onlara bu bayramı yaşadan dövlət başçısına təşəkkür və minnətdarlığına “yaltaqlıq” donu geyindirməsi qaranlıq və şübhəli suallar doğuran kimi…

Milli heysiyyətimizi alçaldan bu təhqiramiz görüntüləri izlədikcə və istər-istəməz çox da uzaq olmayan yaxın keçmişimizi, o illərin adam boğan, acı mənzərələrini xatırladıqca, içimdən həmin mənzərələr qədər acı və boğucu suallar ötüşməyə başlayır…

Yəni bu, nəyin unutqanlığıdır belə?.. Hər ilin 20 yanvarında acı xatirələrlə anıb matəm tutduğumuz o qanlı-qadalı günlərimizi, kimsəsiz, köməksiz yetimlik halımızı, çıxış yolunu partbiletlərin yandırılmasında tapdığımız o miskin mənzərələri nə tez unutdunuz?

Dağıdılıb xarabalıqlara çevrilmiş torpaqlarımıza uzaq, əlçatmaz vilayətlərə baxantək baxdığımız gücsüz iqtidarsızlığımızı, ürək ağrısı və xəcalətlə seyr etdiyimiz üzləri güllələnmiş abidələrimizi, donuz tövlələrinə çevrilmiş məscid və mədrəsələrimizi, ruhları hələ də qarlı Xocalı meşələrində dolaşan yaraşıqlı qız-gəlinlərimizin, körpə uşaqlarımızın intiqamını almağa nə gücümüzün, nə təpərimizin yetmədiyi o utanc və əskiklik dolu illəri nə tez unutdunuz?..

Hələ bir qədər də əvvələ qayıtsaq, “xalqımızı işıqlı gələcəyə aparan” Xalq Cəbhəsinin hakimiyyət dövrünü, başımıza açılan müsibətləri, ölkəni iflic halına salan tragikomik mənzərələri – aylarla işıqsız qalan qaranlıq küçələri, aclığı, səfaləti, benzin və işıq qıtlığından səkilərin kənarına yığılıb hərəkətsiz qalan maşın və avtobusları, cərəyan xətləri sökülüb satılan donuq trolleybus və tramvayları, gecədən sübhəcən çörək dükanlarının qabağında keşik çəkən uzun-uzun növbələri nədən unutdunuz?

Siz unuda bilərsiz, lakin keçmişi bizim üçün ibrət dərsi kimi qoruyub saxlayan müdrik Tarix heç nəyi unutmur. Ən azı buna, həmin o zaman kəsiyini sənədli şəkildə əks etdirən və bu gün dünyanın bir çox dillərində və ölkələrində oxunan “Azadlıq” romanı imkan verməyəcək. Və bu gün dünya xəritələrinə 35 il əvvəlki bütövləşmiş relyefində – üzü Şərqə qanad açan azad Göyərçintək həkk edilən güclü Azərbaycanı çəkdiyiniz o əbəs əziyyətlərlə, qara şantaj və təbliğatla nə ləkələmək, nə əskiltmək, nə də danmaq mümkün olacaq.

Afaq Məsud

Xalq yazıçısı